Akif Nağının cəbhə təəssüratları AÇIQLAMA

Akif Nağının cəbhə təəssüratları AÇIQLAMA

"Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrin canlı şahidi oldum. Deyə bilərəm ki, Azərbaycan ordusunun əhval-ruhiyyəsi, döyüş qabiliyyəti həddindən artıq yüksəkdir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

QAT sədrinin sözlərinə görə, əgər ordumuza bu gün kimsə mane olmasa, Ermənistanın arxasında heç kim dayanmasa, işğalçı ölkə tərəfindən kimsə müharibəyə qoşulmasa, eləcə də beynəlxalq təşkilatların, ayrı-ayrı böyük təzyiqi olmasa çox qısa zaman ərzində Azərbaycan bütün Dağlıq Qarabağı azad edib ölkəmizin sərhədlərini bərpa edə bilər: "Hazırki müharibənin əsas xarakterik xüsusiyyəti o oldu ki, Azərbaycan qısa zamanda asalıqla ermənilərin ilkin müdafiə xidmətini yardı. Bu, çox vacib məsələdir. Çünki rəsmi İrəvan çox özündən razı idi və öyünürdü ki, onların müdafiə xəttini yarmaq olmaz. Amma Azərbaycan ordusu o qədər güclüdür ki, işğalçı ölkə heç bir istiqamətdə ciddi müqavimət göstərə bilmədi. Çətin məqam sadəcə birinci səddi yarmaq idi. Artıq bu Azərbaycan əsgərinin, ordusunun döyüş qabiliyyətindən, ruh yüksəkliyindən xəbər verir".

A.Nağı əlavə edib ki, artıq hər kəs Rusiyanın ikili mövqeyinə baxır: "Rusiyanın burada nə rola malik olması aydın olmaqla bərabər həm də naməlumdu. Hətta Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ planı ilə bağlı açıqlamasında da dedi ki, 7 bənddən ibarət təkliflər var. Amma bu təkliflərin nədən ibarət olması bilinmir. Əslində o təkliflərin kökündə nəyin dayanması tam açıqlanmır. Deyərdim ki, Rusiyanın əsas istəyi rəsmi Moskvanın hərbi qüvvələrinin sülhməramlı qüvvələr adı altında regiona yerləşdirilməsidir. Onların əsas istəkləri bundan ibarətdir. Təbii ki, bu istəklə də nə Azərbaycan razılşacaq, nə də beynəlxalq təşkilatlar, digər dövlətlər razılşacaq. Onların başqa niyyətlərinin olması görünmür. İstəkləri həyata keçənə qədər çalışırlar ki, status-kvo qorunub saxlanılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə