Müşviq Ələsgərli: "Media sosial şəbəkələrdə yayılan dezinformasiyaları zərərsəzləşdirə bildi" AÇIQLAMA

Müşviq Ələsgərli: "Media sosial şəbəkələrdə yayılan dezinformasiyaları zərərsəzləşdirə bildi" AÇIQLAMA

"Son günlər cəbhə xəttində atəşkəs rejiminin pozulması fonunda işğalçı Ermənistan ordusunun törətdiyi təxribatların, o cümlədən də Azərbaycan ordusunun düşmənə layiqli cavabının ölkə mediasında necə işıqlandırılmasına dair Mətbuat Şurası monitorinqlər aparıb, öz dəyərləndirmələrinin ilkin nəticələrini elan edib". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.

Müşviq Ələsgərli bildirib ki, yaxın günlərdə daha təfsilatlı şəkildə məlumat veriləcək: "Mətbuat Şurasının sədri Əflatun Amaşov məlum məsələlərə münasibətini bir neçə dəfə bildirib, bəyanat verib".

MŞ-nın İdarə Heyətinin üzvü ötən illərlə müqayisədə Azərbaycan mediasında kifayət qədər inkişafın nəzərə çarpdığını qeyd edərək bildirib ki, bu inkişaf həm xəbər təqdimatında rəsmi mənbələrə istinadda, həm də bütün xəbərlərdə Azərbaycanın milli maraqlarının qorunmasında özünü biruzə verdi: "Jurnalistlərimizin özləri şəxsi təşəbbüs göstərərək dəqiq olmayan informasiyaların verilməsinin qarşısını ala bildilər. Hər kəs dövlət və milli maraqlardan çıxış etməyə çalışdı. Eyni zamanda əsas media qurumlarımız sosial şəbəkələrdə yayılan dezinformasiya xarakterli informasiyaların zərərsəzləşdirilməsi üçün də addımlar atdılar. Demək olar ki, gecə və gündüz fərqinə varmadan informasiyaların yenilənməsi də cəmiyyəti xəbərsiz qoymurdu. Gecə saatlarında informasiya qıtlığı hiss olunmadı ki, bu da KİV-lərin mövzuya kifayət qədər həssas yanaşdıqlarının göstəricisi idi. Onlar nəinki operativ, rəsmi məlumat yayımladı, eyni zamanda yalnış informasiyaların cəmiyyətə təsir etməməsi üçün səy göstərdilər. İki sahədə boşluğumuz hiss olundu ki, onlardan da biri olmayan məlumatların yayımlanması, ikincisi isə bəzi beynəlxalq media təşkilatlarının qərəzli mövqeyinə Azərbaycan mediasının tutarlı cavablarının az olması idi. Düzdür, hazırkı dönəmdə ölkə mediası artıq Azərbaycan auditoriyasını real informasiya ilə təmin edə bilir. Amma beynəlxalq KİV-lərə elə öz dillərində cavab verməyin vaxtı gəlib çatıb. Peşəkar mediamız bütün mümkün vasitələrdən istifadə etməklə ermənilərə qarşı informasiya müharibəsini gücləndirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə