Gürcüstan azərbaycanlılarından Azərbaycana dəstək

Gürcüstan azərbaycanlılarından Azərbaycana dəstək

Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi cəbhədə baş verənlərlə əlaqədar bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda bilidirilir ki, Azərbaycanın Ermənistanla təmas xəttində gedən döyüşlər bütün dünya azərbaycanlıları kimi Gürcüstanda yaşayan azərbaycanlıları da narahat edir.

Bununla yanaşı, artıq 20 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon erməni separatçıları tərəfindən işğal olunduğu və BMT-nin məlum dörd qətnaməsinin, digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların Ermənistan tərfindən etinasızlıqla qarşılandığı bəyanatda vurğulanıb. Xüsusilə də Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə son qoyulması, həmçinin təcavüzkarın layiqli cəzalandırılması, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması, məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsini, ümumilikdə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması tələb edilib.

Sonda isə dünya ictimaiyyətinə müraciət edərək müharibənin dərhal dayandırılması, işğalçı dövlətin təcavüzkarlıq cəhdlərinin qarşısının alınması və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həll olunmasına biganə qalmamağı və cinayətkarların tez bir zamanda öz layiqli cəzalarını almalarını tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə