Hərbi ekspert: “Ermənilər aldıqları güclü zərbədən nəticə çıxarmalıdır” MÜNASİBƏT

"Dünən Azərbaycanın birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatlarını dayandırmasına baxmayaraq, qarşı tərəf vəziyyəti daha da gərginləşdirib. Bu gün Milli ordumuzun daha 3 əsgəri şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənfur düşmən sakitləşmək istəmir. İndiyə kimi təriflənən erməni ordusununun müdafiə xətti dağıdılıb, onlara güclü zərbə vurulub". Bu fikirləri SİA-ya hərbi ekspert Üzeyir Cəfərov cəbhədə baş verən son hadisələrə münasibət bildirərkən deyib.

Hərbi ekspert bildirib ki, hamımız vəziyyətin ciddiliyini qəbul etməli, ordumuzun yanında olmalıyıq: "Hər kəs bacardığı dəstəyi verməyə hazır olmalıdır. Düşmənin planları çox məkrlidir. Havadarları onlara təlimatlar verib. Düşünürəm ki, yaxın bir neçə gündə düşmən vəziyyəti daha da gərginləşdirəcək. Amma "çanaq onun başında çatlayacaq". Onların bu təxribat cəhdləri ordumuz tərəfindən daha sərt şəkildə cavablandırılıb və cavablandırılacaq. Ermənilərin itkiləri kifayət qədər çoxdur və bu say hər dəfə daha da artır. Bu məğlubiyyətlər fonunda Ermənistanda böyük narazılıqlar baş verəcəyi gözlənilir və artıq bu proses başlanılıb. Nəticə olaraq cinayətkar rejimin hakimiyyəti sona çatacaq".

Onun sözlərinə görə, Rusiya Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı heç bir addım ata bilməz: "Bu, Rusiya üçün böyük faciələr gətirə bilər. Azərbaycanın Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində tanınmış əraziləri ilə işi yoxdur və o, işğaldakı ərazilərində hərbi əməliyyatlar keçirir. Havadarları erməniləri başa salmalıdır ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ermənilər aprelin 2-də aldıqları güclü zərbədən nəticə çıxarmalıdır. Azərbaycan bu məsələdə tək deyil və hər hansı kənar müdaxilənin olacağı təqdirdə bu prosesə dünya dövlətləri, o cümlədən də ölkəmizin yanında olan dövlətlər müdaxilə edə bilər. Bütün bunlar xalqımıza psixoloji təsir göstərməməlidir və sona kimi haqq işimiz uğrunda mübarizədə ordumuzun yanında olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə