Hikmət Hacıyev: “Minsk qrupunun effektliyindən danışmaq qeyri-mümkündür" MÜSAHİBƏ
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin SƏS TV-yə müsahibəsi:
- Azərbaycan Prezidenti İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 31-də Vaşinqtonda səfərdə olacaq. 21 dövlət başçısından biri olan Prezidentimizə bu dəvətin göndərilməsini necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi Azərbaycan Respublikası Beynəlxalq Nüvə Təhlükəsizliyi problemlərində çox fəal rol oynayır. Eləcə də qlobal səviyyədə Nüvə Təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Azərbaycan Respublikası nüvə silahlarının yayılmaması haqqında konvensiyanın üzvüdür. Beləcə, konvensiya çərçivəsində üzərinə düşən öhdəliklərini çox məsuliyyətlə ciddi şəkildə yerinə yetirir. Azərbaycan dövləti də dünya birliyi ilə həmrəy olaraq məhz nüvə texnologiyasının sülhməramlı və dinc məqsədlərlə istifadə edilməsinin tərəfdarıdır. Bunun da təbii ki, müxtəlif sahələrdə - kənd təsərrüfatı, tibb və digər sahələrdə çox effektiv təyinatı vardır. Nüvə texnologiyası dinc məqsədlərlə istifadə edildiyi təqdirdə bu pozitiv imkanlara və fürsətlərə yol aça bilər.
Azərbaycan dövləti atom enerjisi üzrə beynəlxalq agentliyin və nüvə sınaqlarının hərtərəfli qadağan olunması üzrə beynəlxalq təşkilatın fəal üzvüdür. Bu təşkilatlar çərçivəsində də müxtəlif layihələr üzrə yaxından əməkdaşlıq edilir. Ona görə də Azərbaycan Respublikasının nüvə təhlükəsizliyi məsələlərində yaxından töhfəsi vardır. Bu əsnada da IV Nüvə Təhlükəsizliyi Sammitində də ölkəmizin ən yüksək səviyyədə təmsil olunması ilk növbədə ölkəmizə beynəlxalq səviyyədə verilən əhəmiyyətin və önəmin qiymətidir. Həmçinin bu, dövlətimizin nüvə təhlükəsizliyi məsələləri ilə əlaqədar olan rolunun təqdiredici bir faktıdır.
- Ermənistan son vaxtlar cəbhədə təxribatçı əməllərini artırıb. Sizcə, IV Nüvə Təhlükəsizliyi Sammiti ərəfəsində belə bir aktivliyinin artması Ermənistan prezidenti Serj Sarkisyanın məqsədli planlarından xəbər vermir ki?
- Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəs rejiminin intensiv şəkildə pozulması və müxtəlif təxribat əməllərinin törədilməsi rəsmi İrəvan tərəfindən həyata keçirilən davamlı və məqsədyönlü planın tərkib hissəsidir. Burada da əsas məqsəd heç bir halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməmək və gərginlik ab-havası yaradaraq mövcud "status-kvo"nu, eləcə də Azərbaycan ərazilərinin işğalı, ilhaqını davam etdirməkdən ibarətdir. Bu, Ermənistanın əsl niyyətidir. Biz Novruz bayramından öncə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik tərəfindən verilmiş bəyanatdan və onun ardınca isə hazırda ATƏT-də sədrlik funksiyasını yerinə yetirən Almaniyadan, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatından da gördük və onlar tərəfindən də çağırış edildi ki, Novruz və Pasxa bayramları dövründə atəşkəs rejiminə ciddi şəkildə əməl edilsin.
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal məsələyə müsbət münasibət bildirildiyi təqdirdə biz Ermənistan tərəfindən yenə də çox ziddiyyətli və provokativ açıqlamanın şahidi olduq. Yenə də Novruz və Pasxa bayramlarının fəlsəfəsinə, ruhuna zidd olaraq Ermənistan tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması hallarının şahidi olduq. Beləcə, 27 mart tarixində Qazax rayonu istiqamətində erməni hərbiçiləri tərəfindən hücuma cəhd olundu. Məhz bunun nəticəsində də Azərbaycanın bir zabiti və əsgəri şəhid oldu. Biz bütün bunları kompleks şəkildə dəyərləndirsək, görərik ki, Ermənistan beynəlxalq ictimaiyyətin iradəsinə zidd olaraq fəaliyyətini davam etdirir. Əsas məqsəd isə heç bir halda münaqişənin həllinə imkan verməməkdir. Ermənistan hərbiçiləri Azərbaycan ərazilərindən çıxarılmadığı təqdirdə təhlükəsizlik məsələləri gündəmdə qalmaqda davam edəcək.
- ABŞ, Fransa dövləti ilə müqayisədə Rusiyanın Dağlıq Qarabağla bağlı fəallığının artması daha çox diqqəti cəlb edir. Bizim gördüklərimiz budur. Bəs görünməyən tərəf nədir?
- Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə baxdıqda görərik ki, bu, Azərbaycan tərəfini heç bir halda qane etmir. Çünki 20 ildən artıq bir dövr ərzində Minsk qrupunun həmsədrləri tərəfindən beynəlxalq ictimaiyyətin onlara verdiyi mandat əsasında fəaliyyət göstərmələrinə baxmayaraq, eyni zamanda onların özlərinin mandatında bilavasitə BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Budapeşt Sammitinin qərarlarının icrası haqqında öhdəlikləri olsa da biz bunların real, praktiki əsasda icrasını heç bir halda görməmişik. Belə ki, Azərbaycan ərazilərinin işğalı davam edir və Ermənistan qoşunları faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərində mövcuddurlar. Beləcə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmamışdır. Ona görə də ATƏT-in Minsk qrupunun fəaliyyətinin effektliyindən danışmaq qeyri-mümkündür.
Bu mənada, Azərbaycan tərəfi dəfələrlə çağırış edib ki, artıq ATƏT-in Minsk qrupunun həmsədrləri formatında deyil, daha da genişləndirilmiş fomatda Minsk qrupunun 11 üzv dövlətinin hər birinin iştirakı ilə bir prosesə baxmaq lazımdır. Təbii ki, bu dövlətlərin hamısının da pozitiv şəkildə münaqişənin həllinə töhfəsi ola bilər. Yəni Minsk qrupunun həmsədrləri statusunda Rusiya tərəfindən müəyyən təşəbbüslər və fikirlər olunub. Biz Azərbaycan tərəfi isə münaqişənin həllinə və regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunmasına, eləcə də Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına xidmət edən bütün müsbət təşəbbüsləri təqdir edirik, alqışlayırıq.
- Ümumiyyətlə, Ermənistana qarşı bəzi dövlətlər, qurumlar tərəfindən təzyiqlər, təpkilər olsa da yenə də işğalçı ölkə öz qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Belə olan təqdirdə rəsmi Bakı hansı addımları atmalıdır?
- Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, ölkəmiz danışıqlar prosesində iştirak edir. Bu proses 20 ildən artıqdır ki, davam edir. Azərbaycanın niyyəti və məqsədi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilsin. Beləcə, işğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxarılsın. Bu məqsədlə də Azərbaycan danışıqlar prosesinin bir üzvüdür. Ölkəmiz beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq məsələnin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Amma bununla bahəm əgər bu baş vermədiyi təqdirdə Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ vardır. Beləcə, bu özünümüdafiə hüququ da 51-ci maddədə təsbit olunduğu kimi kollektiv və yaxud fərdi xarakter daşıya bilər. Təbii ki, bu da Azərbaycan dövlətinə imkan verir ki, öz ərazi bütövlüyü və suverenliyini təmin etmiş olsun. Yəni bu ölkəmizin hüququdur. Ölkə xalqının da bir səbr etmək həddi vardır. Bizim gözləntimiz ondan ibarətdir ki, danışıqlar yolu ilə bu məsələ öz həllini tapsın.
- Son olaraq Bakıda aprelin əvvəllərində Azərbaycan, Rusiya, İran xarici işlər nazirləri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Sizcə, görüşdə hansı məsələlər müzakirə olunacaq?
- Artıq görüşün baş tutması ilə əlaqədar hər üç tərəfin razılığı vardır. Bu görüş əsnasında ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq məsələlərinin, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi və onun çox vacib bir komponenti olan Azərbaycan-Rusiya-İran dəmiryol sistemlərinin bir-biri ilə əlaqələndirilməsi, vahid xətt üzrə inkişaf etməsi, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi nəzərdə tutulub. Ümumiyyətlə, Azərbaycanın özünün ikitərəfli əlaqələri ilə bərabər üçtərəfli formatda da regional əməkdaşlıq çərçivəsinin daha da genişləndirilməsində fəal rol oynayır. Biz Azərbaycanın təcrübəsində üçtərəfli əməkdaşlıq formatlarına baxsaq, görərik ki, burada Azərbaycan-Gürcüstan-Türkiyə, eləcə də Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkmənistan-İran kimi əməkdaşlıq formatları vardır. Bunların hər biri özlüyündə regional əməkdaşlığın daha da inkişaf etdirilməsinə və bu dövlətlərlə olan ikitərəfli əməkdaşlığımızın üçtərəfli formatda tamamlanmasına, inkişaf etməsinə xidmət göstərən addımlar olduğunu görə bilərik.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB