Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 mart-1 aprel tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək. SİA sammitin əhəmiyyəti ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.
"ABŞ regionda siyasətini yürütməkdə Azərbaycana möhtacdır"
Millət vəkili, professor Musa Qasımlı: "Azərbaycan Respublikası nüvə dövləti olmadığı üçün bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunmasaydı, təəccüblü bir şey olmazdı. Lakin ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə dəvət məktubu göndərməsinin dərin mənası var və təhlil tələb edir. Bu, ilk növbədə onu göstərir ki, ABŞ Qafqaz və Xəzər regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir və Azərbaycan Respublikasını "kilid ölkə" olaraq qəbul edir. Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq olmadan ABŞ bu regionda səmərəli fəaliyyət göstərə və istəyinə nail ola bilməz. Nüvə dövləti olmasa da, Azərbaycan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq edir, beynəlxalq konvensiyalara qoşulub. Keçirilən bir çox beynəlxalq toplantılarda Azərbaycan tərəfi Araz çayına Ermənistandakı Metsamor AES-in tullantılarının atıldığına və bunun ekologiyaya böyük ziyan vurduğuna dair məsələləri daim gündəliyə gətirib və müvafiq sənədləri təqdim edib. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və digər ərazilərində AES-in tullantıları basdırıla bilər. Azərbaycan terrorçuluğa qarşı mübarizədə də ABŞ-ın həm fəal tərəfdaşıdır, həm müvafiq qanunlar qəbul edib, həm də beynəlxalq konvensiyalara qoşulub. Rəsmi Vaşinqtonun gərgin münasibətləri səbəbindən bəzi ölkələri sammitə dəvət etməməsi fonunda Azərbaycanın belə bir nüfuzlu toplantıda iştirak etməsi qətiyyən həmin dövlətlərə qarşı yönəlməyib. Azərbaycanın ABŞ ilə əməkdaşlığı digər ölkələrin əleyhinə deyil. Bu dəvət ABŞ-Azərbaycan münasibətləri üzərinə kölgə salmaq istəyən qruplara, erməni lobbisi və diasporuna da bir cavabdır. Birləşmiş Ştatlar regionda siyasətini yürütməkdə Azərbaycana möhtacdır, Azərbaycan dövlətinin də ABŞ-a ehtiyacı var. Deməli, əməkdaşlıq hər iki tərəfin xeyrinədir".
"Nüvə sammiti Azərbaycan üçün böyük əhəmiyyət kəsb edəcək"
Millət vəkili Kamilə Əliyeva: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət başçısı Barak Obama tərəfindən Nüvə sammitinə dəvət edilməsi bir daha sübut edir ki, artıq ABŞ kimi güclü dövlət Azərbaycana inam bəsləyir və hesablaşır. Bütün bunlar Azərbaycan Prezidenti tərəfindən aparılan həm daxili, həm də xarici siyasətin nəticəsidir. Ölkə başçısının sözügedən sammitdə iştirak etməsi həm də onu göstərir ki, Prezidentimiz dünyada böyük nüfuza malikdir. Azərbaycan dünyada güclü mövqeyə malik bir ölkədir. Nüvə təhlükəsizliyi məsələsində ölkəmiz tərəfindən yetərli qədər işlər görülür. Azərbaycan Prezidentinin Nüvə Sammitində iştirakı Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından əhəmiyyətli hesab oluna bilər.
Güman edirəm ki, Nüvə sammiti Azərbaycan üçün böyük əhəmiyyət kəsb edəcək. Gözləntilərimizdən biri digər görüşlərdə olduğu kimi budəfəki sammitdə də müxtəlif görüşlər, danışıqların olmasıdır. Düşünürəm ki, belə görüşlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin bir daha dünya ictimaiyyətinə çatdırılması imkanları kifayət qədər faydalı ola bilər. Dağlıq Qarabağ münaqişəsi bizim ən ağrılı yerimizdir. Ümidvaram ki, ABŞ prezidenti Barak Obama bu problemin həlli yolunda müsbət addımlar atacaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Nüvə sammiti çox vacib sammit olmaqla yanaşı Azərbaycana uğur gətirmiş olacaq".
"Nüvə təhlükəsizliyi mövzusu bütün dünya ölkələri ilə yanaşı Azərbaycan üçün də vacibdir"
Millət vəkili Gövhər Baxşəliyeva: "Azərbaycanın beynəlxalq Nüvə sammitində iştirakı müsbət haldır. Nüvə təhlükəsizliyi mövzusu bütün dünya ölkələri ilə yanaşı Azərbaycan üçün də vacibdir. Bilirsiniz ki, Ermənistan Metsamor Atom Elektrik Stansiyasının dağılma, partlama təhlükəsi var. Əgər orada hər hansı qəza baş verərsə, bu, Azərbaycan üçün böyük təhlükə yarada bilər. Son zamanlar Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və digər ərazilərində AES-in tullantıları basdırılması ilə bağlı məlumatlar eşidirik. Əgər bu həqiqətdirsə, o zaman narahatçılığa böyük səbəb var. Düşmən ölkə tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həm torpaq, həm də sular çirkləndirilir, ekologiyaya böyük ziyan vurulur. Bütün bunlar narahatedici faktlardır. Bu baxımdan Azərbaycanın belə bir sammitdə iştirakı çox vacibdir.
Son zamanlar bəzi, xüsusilə də müxalifyönlü mətbu orqanlarında Azərbaycan-ABŞ münasibətlərinin pozulması haqqında yalan məlumatlar yayılır. Bu baxımdan Azərbaycan Prezidentinin sözügedən sammitə dəvət alması bu iddiaları tam mənada inkar etmiş oldu. Azərbaycan-ABŞ-la strateji müttəfiqdir. Azərbaycanın yolu Dünya Birliyinə inteqrasiya yoludur. Ölkəmiz bütün dövlətlərlə münasibətlərini bərabər, faydalı, əməkdaşlıq formasında davam etdirir. Qərbin bir çox planlarında, xüsusilə də terrorizmə qarşı mübarizədə, sülhməramlı qüvvələrin həyata keçirdiyi əməliyyatlarda Azərbaycan fəal iştirak edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB