MSK-dan partiyalara XƏBƏRDARLIQ

"İndiyə qədər 14 siyasi partiya maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Natiq Məmmədov deyib.

Natiq Məmmədov bildirib ki, hesabat təqdim etməyən partiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan addımlar atılacaq: "Hesabat verməyən siyasi partiyaların hansı səbəbdən hesabat verməmələri də vacib məsələlərdəndir. Yəni, əgər partiya qəsdən hesabat vermirsə, bu məsələnin bir tərəfidir. Əgər hesabat vermək üçün faktiki imkanları yoxdursa, bu, başqa məsələdir. Partiya sədri dünyasını dəyişibsə, onun yerinə yeni sədr seçilməyibsə, prinsipcə həmin partiyanın hesabat verməsi faktiki mümkün deyil. Amma hansı səbəbdən asılı olmayaraq, əgər siyasi partiya maliyyə hesabatını vermirsə və ya lazımi səviyyədə, müəyyən olunmuş müddətdə vermirsə, qanunvericilik imkanlarından tam istifadə etmək niyyətindəyik".

Sədr müavinin sözlərinə görə, hər pozuntu ilə bağlı müvafiq addımlar atılacaq: "Bunun üçün kifayət qədər qanunvericilik imkanları var. Bu halda Ədliyyə Nazirliyinə müraciət etmək imkanları var, sanksiyaların tətbiq edilməsi imkanları nəzərdə tutulub. Hesab edirik ki, əgər belə hallar təkrar olunarsa, biz qanunvericiliyin imkanlarından istifadə etmək məcburiyyətində qalacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə