“Qarabağ parkı” təşəbbüsü dəstəklənib

“Qarabağ parkı” təşəbbüsü dəstəklənib

Milli Məclisin deputatı Qənirə Paşayevanın Kırşehirdə Qarabağ parkı təklifi bələdiyyə başqanı tərəfindən dəstək qazanıb. SİA-nın məlumatına görə, Q.Paşayevanın Kırşehirdə Qarabağ parkı və Xocalı Soyqırımı abidəsi təklifini bələdiyyə başqanı çox qısa zamanda həyata keçirəcəklərini deyib.

Türkiyənin Kırşehir bölgəsində konfransa qatılan Q.Paşayeva Kırşehir bələdiyyə başçısı Yaşar Bahçeci ilə görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Kırşehirin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən deputat bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb.

O, yaxın zamanlarda Kırşehirin mərkəzi parklardan birinə "Qarabağ" adının veriləcəyinə və orada Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacağına inandığını deyərək Kırşehir bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı çox sevdiyini deyən Kırşehir bələdiyyə başçısı Yaşar Bahçeci Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Kırşehir bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Kırşehirdə Azərbaycan parkı və Xocalı Soyqırımı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını bildirib.

Bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Kırşehirin də yer alacağını bildirib: "Azərbaycan insanına Kırşehiri daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək".

Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını hədiyyə edən Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kırşehir bələdiyyəsinin sədri dəvəti böyük məmuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə