"Son illər ölkəmizdə Xocalı soyqırımının tanıdılması istiqamətində intensiv, səmərəli və sistemli işlər görülür. İstər Prezident İlham Əliyev, istərsə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən işlər öz nəticəsini verir". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb: "Təkcə Amerikanın 20-dən çox ştatı bu ağır faciəni soyqırımı kimi tanıyıb, bununla əlaqədar sənədlər qəbul olunub. Xocalı faciəsi, eləcə də bir çox ölkələrin parlamentləri tərəfindən də tanınıb, insanlığı qarşı cinayət kimi qəbul olunub".
Xocalı soyqırımı ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatında xüsusi qətnamə qəbul olunduğunu xatırladan M. İbrahimqızı söyləyib ki, faciənin tanıdılması istiqamətində işlər yalnız bir gün deyil, il boyu həyata keçirilir: "Xaricdə yaşayan Azərbaycan və türk diasporalarının birgə fəaliyyəti nəticəsində Xocalı faciəsinin tanıdılması ilə bağlı işlər daha sürətli, məqsədyönlü şəkildə aparılır. Faciə günləri ərəfəsində demək olar ki, dünyanın bütün ölkələrində erməni təcavüzkarları, onları dəstəkləyən qüvvələr ittiham olunur, beynəlxalq təşkilatların susqunluğu və onların məsuliyyətsizliyi qınanılır. Avropa Parlamenti, Avropa Birliyi tərəfindən Ermənistanın işğalını, onun təcavüzkar dövlət olduğunu, Azərbaycanın 20 faizdən çox torpaqlarının işğal etdiyini və bunun nəticəsində 1 milyonda çox vətəndaşımızın qaçqın və məcburi köçkün düşməsini qınayan qətnamələrin qəbul olunmasına baxmayaraq, beynəlxalq təşkilatların eləcə də Dağlıq Qarabağ probleminin həllində cavabdeh olan ATƏT-in Minsk qrupunun susqunluğu, səmərəsiz fəaliyyəti qınanılır. Cinayətkarların tezliklə beynəlxalq hüquq çərçivəsində cavab vermələri tələb olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB