"İŞİD ABŞ və Rusiyanın əsas hədəfi kimi qalacaq" EKSPERT RƏYİ

Bəhruz Quliyev: “Suriyada siyasi və informasiya müharibəsi davam edəcək”
"İŞİD ABŞ və Rusiyanın əsas hədəfi kimi qalacaq" EKSPERT RƏYİ

"Bu gün Suriya gedən məlum proseslərdə superdövlətlər arasında gedən mübarizənin şahidi olmaqdayıq. Yəni bu mübarizədə əsas güc kimi ABŞ və Rusiyanın fərqli maraqlarının toqquşduğunu görməkdəyik". Bu fikirləri "SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Suriyada əldə edilən atəşkəs rejiminə, həmçinin prosesdə cərəyan edən digər hadisələrə şərh verərkən deyib.

Bəhruz Quliyev onu da vuğulayıb ki, məhz bugünlərdə Suriyada əldə edilən atəşkəs razılaşması hökumət qüvvələri ilə loyal müxalifətin, eləcə də hər iki tərəfə siyasi və regional maraqları baxımından dəstək göstərən dövlətlərin arasında müəyyənləşdirilib: "Mövcud addımın atılması vacib idi. Lakin buna baxmayaraq, siyasi mübarizə yenə də davam edəcək. Deyərdim ki, bu çox vacib addım idi və bu addımın atılması zamanı əslində çoxdan yetişmişdi. Ancaq onu da qeyd etməliyik ki, mövcud müharibədə silahlar bir müddətlik susacaqsa, superdövlətlər arasında siyasi müharibə davam edəcək. Belə ki, hər necə olursa-olsun ölkələrin maraqları onlar üçün hər zaman birincilik təşkil edib".

"SƏS" Media Qrupun rəhbəri heç bir müharibənin insanlıq üçün səmərə vermədiyini deyib və bildirib ki, əgər beynəlxalq qurumlar və təşkilatlar vaxtında addım atsaydı faciələrin qarşısını almaq olardı: "Belə ki, nəhəng qaçqınlar ordusu Qərb ölkələrini bürüdükdən sonra avropalı siyasilər vəziyyətin nə dərədəcə pisləşməyə doğru getdiyini dərk etməyə başladılar. Artıq 5-ci ilinə qədəm qoymuş Suriya münaqişəsində əziyyət çəkənlər kimlər oldu? Təsəvvürünüzə gətirin, 250 min sadə insanlar - qocalar, qadınlar, uşaqlar daxil olmaqla ötən müddət ərzində həyatını itirdi və 11 milyon suriyalı qaçqın dünya ölkələrinə səpələndi. Bu zaman daha bir sual yaranır, məgər sülh razılaşmasını daha öncədən, bu qədər ölüm-itim olmadan, milyonlarla qaçqınlar olmadan əldə etmək olmazdımı? Əlbəttə ki, bu mümkün idi. Bu ölkədə iki dəfə seçkilər baş tutdu, ancaq siyasi vəziyyət yenə də müharibələrlə nəticələndi. Təəssüf ki, böyük itkilərdən sonra, Avropanı, Qərb ölkələrini bürüyən qaçqınların qarşısıalınmaz humanitar problemə çevrilməsi sülh danışıqlarının reallaşdırılmasına təkan verdi. Onlar buna məcbur oldular. Xüsusilə, ABŞ danışıqlar prosesinin başlanması təşəbbüskarı kimi çıxış etməli oldu. Eləcə də bu gün dünyada davam edən iqtisadi böhran da atəşkəsin əldə edilməsinə səbəb oldu. Bir çox ölkələrin, o cümlədən, Suriyada regional, siyasi və s. maraqları olan supergüclərin əlavə xərclər çəkmələri onlara sərf etmirdi. Ona görə də bunun qarşısını hələlik, yəni ilkin mərhələ olaraq atəşkəs razılaşması ilə almaq mümkün olub. Biz də ümid edək ki, sülhə aparan yol atəşkəsdən keçəcək".

Bəhruz Quliyev "bəs siyasi yöndəki mübarizədə kim qalib olacaq" sualının hələ də cavabsız qaldığını qeyd edib: "Soyuq müharibənin baş verəcəyini istisna etmək olmaz. Çünki unutmamalıyıq ki, Suriyada atəşkəs razılaşması əldə edilibsə belə, supergüclər arasında soyuq müharibə yelləri əsməkdə davam edəcək. Əgər belə davam edərsə, Suriyada savaş böhranı sürəcək. Yəni hər şeyə rəğmən, müharibəni şərtləndirən bu və ya digər səbəblər hələ də qalmaqdadır".

Media Qrupun rəhbəri deyib ki, terrorçulara zərbələr vurulmaqda davam edəcək: "O da bəllidir ki, atəşkəs İŞİD və digər terrorçu silahlı qruplaşmalara qarşı tədbiq olunmayacaq. Onlar istər Rusiyanın, istərsə də ABŞ-ın hədəfində qalmaqda davam edəcəklər. Bəşər Əsədə qarşı döyüşən mülayim, yaxud da loyal müxalifət isə atəşkəs razılaşması fonunda silahını yerə qoymağa razılaşıb. Əgər Rusiya, İran kimi dövlətlər İŞİD-ə qarşı hərbi hava əməliyyatlarını, eləcə də raket zərbələrini davam etdirəcəksə, digər koalisiyada birləşən ABŞ, Fransa, Kanada,Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və s. ölkələr də terrorçuların məhvi üçün sərt addımlarını atmaqda davam edəcəklər.

Eyni zamanda bu müharibədə Türkiyə tərəfi rəsmi şəkildə bəyanatlar verərək vurğulayıb ki, əgər bu ölkənin sərhədlərinə hər hansı bir təhlükə yaranarsa, onun silahlı qüvvələri dərhal həmin təhlükəni aradan qaldırmaqdan ötrü adekvat və sərt addımlarını atacaq. Təbii ki, BMT-də qəbul olunmuş konvensiyalar, müddəalar əsasında".

B.Quliyev təəssüflə qeyd edib ki, bu gün Suriyadan və digər müsəlman ölkələrindən qaçqın düşən, terror ölümündən qaçan uşaqlar Qərbdə alver predmetinə çevrilirlər: "Xüsusilə, onlar orqan alveri ilə məşğul olan cinayətkar qruplaşmaların əllərinə keçirsə, dərhal yeni qurbana çevrilmiş olurlar. Onlar müharibənin od-alovundan yaxa qurtarıb, digər problemlərlə qarşılaşmış olurlar. Həmçinin, Avropa ölkələrində anti-İslam yürüşlərinin keçirilməsi, irqçilərin qaçqın düşərgələrinə hücm edib yanğınlar törətmələri, hətta avropalı ölkə liderlərinin qaçqınların üzünə qapıların bağlanması barədə səsləndirdikləri bəyanatları suriyalıların hansı çıxılmaz vəziyyətdə olduqlarını göz önündə sərgiləyir".

Bəhruz Quliyev Suriya məsələsində bu ölkədən Ermənistana terrorçu qruplar ixrac edildiyini də vurğulayıb: "Bu isə həssas olan Qarabağ bölgəsində növbəti münaqişə ocağının yaranmasına səbəb ola bilər. Digər bir nüansa da toxunmaq istərdim. Bu gün Suriyadan qaçqın adı ilə gizli terrorçu dəstələr Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına - Dağlıq Qarabağ ərazilərinə yönləndirilirlər. Təbii ki, bu da heç bir qanunlara, konvensiyalara sığmayan bir haldır və həmin faktın qarşısı dərhal alınmalıdır. Əlbəttə ki, burada Ermənistanın dövlət rəhbərliyinin maraqları var. Onlar aşkar şəkildə terrorçulara himayədarlıq edirlər və bu maraqlar regionda növbəti münaqişə ocağının yaranmasına gətirib-çıxara bilər".

Media Qrupun rəhbəri sonda qeyd edib ki, Suriyada əldə olunmuş atəşkəs informasiya müharibəsi xəttində davam edəcək: "Çünki tərəflərin maraqlarını təmin edən əsas güc mərləzlərindən biri də media vasitələrində gedən informasiyalardır. Ona görə də razılaşma fonunda bu faktora da diqqət edilib və müddəalar yer alıb. Bizə isə sadəcə gözləmək qalır. Ümid edək ki, artıq bir neçə ildir ki, Suriyada gedən müharibəyə son qoyulacaq və güclər İŞİD, həmçinin başqa terrorçu birləşmələrə qarşı mübarizələrini bir yerdə aparacaqlar. Çünki müharibə davam edərsə, onun fəsadları regionumuz da daxil olmaqla, bir çox ölkələrə qədər sıçraya bilər. Bütün mənalarda insanlığın, bəşəriyyətin xilası naminə atəşkəs rejimi sülh danışıqları prosesinə qədər uzadılmalı, nəticədə təməlli sülh əldə olunmalıdır".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə