Arzu Rəhimov: "Ordumuz regionun ən güclüləri sırasındadır" YENİLƏNİR

Arzu Rəhimov: "Ordumuz regionun ən güclüləri sırasındadır" YENİLƏNİR

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd olunur. SİA-nın məlumatına görə, bu münasibətlə Dövlət Xidmətinin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin, oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra Dövlət Xidmətinin binasında tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edib. A.Rəhimov əsas məqsədin çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması olduğunu bildirib: "Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir. Son on ildə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artıb, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer alır.

Ötən müddətdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi Azərbaycanda çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılması ilə də ortaya qoyulub. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş, onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb".

A.Rəhimov deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xidməti fəaliyyətini Prezidentin fərman və sərəncamlarını, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunu, "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"ni və Xidmətin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktları rəhbər tutmaqla qurub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il fevralın 13-də "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycanın Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublika Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə