ATƏT-in Minsk qrupunun AŞPA-nın sonuncu iclasında Dağlıq Qarabağla bağlı Azərbaycanın xeyrinə olan və ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbuluna qarşı qərəz, ikili standartlar amilindən yanaşması bir daha sübut etdi ki, ölkəmizin haqlı mövqeyinin qəbul edilməməsi halları arxasında bir neçə məqamlar dayanır.
Gənclərlə görüşü zamanı çıxışında ölkə başçısı İlham Əliyev də Minsk qrupunun həmsədrlərinin fəaliyyətini kəskin tənqid etdi. Prezident onları münaqişənin həllinə yox, dondurulmasına çalışmaqda günahlandırdı: "Minsk qrupunun həmsədrlərinin bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar".
Dövlət başçısı həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin həllinə çalışmamasına səbəb kimi Avropada islamofobiyanın pik həddə çatmasını və məhz Azərbaycanın da müsəlman ölkəsi olmasını qetd etmişdi. Mövzu ilə əlaqədar ölkənin tanınmış politoloqlarına, millət vəkillərinə müraciət etdik. SİA-ya verilən açıqlamalardan da bəlli oldu ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin göstərdikləri uğursuz fəaliyyət Azərbaycanı qane etmir. Bildirilib ki, həmsədrlər də yalnız Ermənistan kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasına çalışır.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov: "ATƏT hələ ki Azərbaycana lazımdır"

"Bəzən ATƏT-in Minsk qrupunun Azərbaycana lazım olmadığı fikirləri səsləndirilir. Bu da birmənalı şəkildə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə əlaqələndirilir. Minsk qrupu fəaliyyətsiz olsa belə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə azad edilməsi təşəbbüsü göstərən bir missiyanı həyata keçirdiyi üçün Azərbaycana lazımdır. Nəzərə almaq lazımdır ki, təşəbbüsün olması da özlüyündə bir fəaliyyətdir. Əgər Minsk qrupunun missiyasından imtina etsək, onda bu misiyanı həyata keçirən başqa bir beynəlxalq qurum müəyyənləşməlidir. Nə qədər ki torpqalarımızın işğaldan azad edilməsində müharibə yolunu seçməmişik, beynəlxalq qrupların sülh yaratma missiyalarından istifadə etməliyik. ATƏT-in Minsk qrupunun həmsədrləri mütəmadi olaraq regionlara səfər edir, dövlət rəsmilərinin görüşməsi təşəbbüslərini ortaya qoyur və öz təkliflərini bildirirlər. Bundan sonrakı dönəmdə münaqişənin müsbət həllinə nail olmaq niyyətindədirlərsə, işğalçı Ermənistanla danışıqları gücləndirməlidirlər".
Politoloq Arzu Nağıyev: "Qeyri-adekvat qərarlar, məsələnin həllinə ciddi yanaşmamaq ATƏT-in nüfuzuna təsir edir"
.jpg)
"ATƏT-in Minsk qrupu verdiyi deklorativ bəyanatlarla nüfuz davasından başlamış öz dövlətlərinin münaqişəyə münasibətinə qədər bariz bir misal nümayiş etdirirlər. Bunlar hətta AŞPA-nın da qərarlarının dəyişdirilməsinə nail ola bildilər. Hazırda Almaniya ATƏT sədri kimi fəaliyyətə başlayıb ki, bu dövlətin Avropada, o cümlədən dünyada özəl çəkiyə malik olduğu hər kəsə bəllidir. Amma Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Almaniyanın da tam şəkildə müsbət addımlar atacağı bir qədər inandırıcı görünmür. Bundan başqa Türkiyənin həmsədrliyi gündəmə gələ bilər. Baxmayaraq ki Türkiyə dost və strateji tərəfdaş dövlət kimi daima dəstək nümayiş etdirir, lakin bu məsələnin həllində tək qərar vermək iqtidarında deyil. Düşünürəm ki, Azərbaycan ATƏT-dən imtina etməməlidir. ATƏT-in geniştərkibli toplantısının keçirilməsinə və məhz bütün suallarımıza aydınlıq gətirilməsinə nail olmalıdır. Çünki Qərb münaqişənin bu qədər uzanmasında və status-kvonun saxlanılmasında maraqlı olmamalıdır. ATƏT-in Minsk qrupu təhlükəsizlik baxımından Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalı, eyni zamanda iqtisadi cəhətdən çətin dönəmdə mühüm layihələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməməlidir. Təbii ki, qeyri-adekvat qərarlar və məsələnin həllinə ciddi yanaşmamaq da ATƏT kimi bir qurumun nüfuz məsələsinə təsir edir".
Politoloq Fərhad Mehdiyev: "Münaqişənin həll olunmasının real yolu Beynəlxalq Ədalət Məhkəməsidir"
.jpg)
"Əslində ATƏT-in Minsk qrupunun həmsədrlik institutu Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının xırda bir modelidir. Burada İngiltərə və Çin xaricində Təhlükəsizlik Şurasının daimi 3 nümayəndəsi təmsil olunur. Digər tərəfdən bu variant hazırda Azərbaycan üçün çıxılmaz tək variant olaraq qalır. Nə Azərbaycan, nə də Ermənistan Dağlıq Qarabağ münaqişəsinə BMT Təhlükəsizlik Şurası tərəfindən baxılmasını istəməz. Ermənistan ona görə istəməz ki, Təhlükəsizlik Şurasının qərarları bağlayıcıdır, onlara riayət olunması məcburidir. Azərbaycan da ona görə razı olmaz ki, Rusiya və Fransa Təhlükəsizlik Şurasının veto hüququna malik iki üzvüdür və onlar da bugünkü siyasi konyekturada Azərbaycanın lehinə hər hansı qərarın çıxmasını veto edərlər. Bu vəziyyətdə müharibəyə başlamaq istəməyən həm Azərbaycan, həm də Ermənistan üçün ATƏT-in həmsədrlər institutu atəşkəsin qorunmasında ən uyğun platforma rolunu oynamaqdadır. Lakin etiraf olunmalıdır ki, bu formatla münaqişənin həlli gözlənilmir. Münaqişənin həll olunmasının real yolu, məsələni Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə (İCJ) verməkdir. Bunun üçün həm Ermənistan, həm də Azərbaycan məhkəmənin yurisdiksiyasını qəbul etməlidir. Bu günə kimi məhkəmə, xeyli ərazi mübahisəsinə son qoyub. Amma burada bir məqam da var ki, İCJ-nin necə qərar verəcəyini dəqiqliklə təxmin etmək mümkün deyil. Hərhalda 7 rayonun qaytarılacağına dair qərar verilə bilər, amma Dağlıq Qarabağ hissəsi üçün self-determination da üstün tutulması ehtimalı var. Bu haqda əvvəlcədən nəsə demək çətindir. Çünki ortada Kosovo presedenti var, bunu unutmamalıyıq. Bundan başqa variantda isə münaqişənin müharibə olmadan həll edilməsinə nail olmaq mümkün deyil".
Politoloq Qabil Hüseynli: "ATƏT-in Minsk qrupundan imtina etsək, beynəlxalq aləmdən də izolyasiya olunacağıq"

"Dağlıq Qarabağ münaqişəsi beynəlmiləşdiyi üçün Azərbaycan ATƏT-in Minsk qrupundan imtina edə bilməz. Yalnız ATƏT-in tərkibinin formasının dəyişdirilməsi haqqında təklif irəli sürə bilər. Azərbaycanın bu missiyaya öz narazılığını bildirməsinə baxmayaraq, hələ ki ortada bir əməl yoxdur. Ola bilsin ki, gələcəkdə format genişləndirilsin, sədrlər dəyişdirilsin. Bu istiqamətdə Azərbaycan axtarışlar aparır, amma ATƏT variantı gündəlikdə qalacaq. Çünki ATƏT-in Minsk qrupundan imtina etsək, o zaman beynəlxalq aləmdən izolyasiya olunacağıq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistanla üz-üzə gəlməli olacağıq. Ermənistanın da danşıqlara getməyəcəyi öncədən bəlli olduğu üçün bir variant qalır, o da müharibə variantı. Hələlik isə müharibə variantı optimal variant hesab edilə bilməz".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB