“Prezidentin konfransda iştirakı ölkəmizin nüfuzundan xəbər verir" AÇIQLAMA
"Azərbaycan Suriya hadisələrində birbaşa iştirak etmir, amma Prezident İlham Əliyevin Suriyada sülhün yaradılması ilə bağlı beynəlxalq konfransda iştirakı ölkəmizin nüfuzundan xəbər verir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, bu gün Azərbaycan apardığı siyasətlə tək regionda deyil, dünyada tanınan ölkələrdən biridir.
Onun sözlərinə görə, ölkədəki stabillik, dəqiq uğurlu xarici siyasət, beynəlxalq güclərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qorunub saxlanması Azərbaycana böyük nüfuz gətirib: "Hesab edirəm ki, Azərbaycanın sözügedən konfransa dəvət olunması ölkəmizin nüfuzuna verilən qiymətdir. Bundan sonra da Azərbaycanın bu kimi tədbirlərdə iştirakı arzuolunan olacaq".
Suriya probleminə gəlincə, millət vəkili söyləyib ki, bu gün beynəlxalq aləm məsələnin həllində bütün üsullara əl atır: "Buna görə də bu konfransa Suriya məsələsində iştirak etməyən ölkələr dəvət olunub. Eyni zamanda beynəlxalq güclər Suriya probleminin digər ölkələrə keçməsində maraqlı deyillər. Çünki Suriyada baş verənlər ilk növbədə Avropanı ciddi şəkildə vurur. Miqrasiya məsələsi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sisteminə təhdidlər, böyük itkilər və bu müharibənin sonunun görünməməsi Suriya layihəsini işləyənləri düşünməyə vadar edir".
Qeyd edək ki, Böyük Britaniyanın paytaxtı Londonda "Suriyaya və regiona dəstək" donor konfransı keçirilir. Tədbir Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilir. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.
Dövlət başçısı BMT-nin baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə tədbirə qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB