Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması barədə haqqin.az məlumat yayıb. Məlumatda bildirilirdi ki, Robert Uolterin "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması" məruzəsinin müzakirəsinə bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib.
Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞPA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.
Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.
Bundan sonra qərara alınıb ki, Səməd Seyidov AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılsın. Onun yerinə isə millət vəkili Vüsal Hüseynov təyin olunub.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumatların tamamilə yalan olduğunu deyib
Millət vəkili söyləyib ki, AŞPA-nın yanvar sessiyasında iştirak etməməsinin səbəbi səhhəti ilə əlaqədar olub: "Mətbuatda gedən məlumatlar məni çox təəccübləndirdi. Bununla bağlı mənə xeyli zənglər də gəlib. Bu məlumatlar tamamilə yanlışdır. Nümayəndə heyətinin tərkibi Parlament tərəfindən təsdiq olunaraq, AŞPA-ya göndərilib. Nümayəndə heyətinin rəhbəri funksiyasını mən yerinə yetirirəm. Yanvar sessiyasında iştirak etməmişəm. Bunun səbəbi səhhətimlə bağlıdır. Orada məni nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov əvəz edib. Bir daha rəsmi olaraq təkrar edirəm ki, mətbuatda yazıldığı kimi, kənarlaşdırılma, hansısa məktubda nələrisə yazmamağım, Ermənistanın məktublardan istifadə etməsi və digər məlumatların heç biri həqiqətə uyğun deyil".
AŞPA-nın yanvar sessiyasını yüksək qiymətləndirən S. Seyidov vurğulayıb ki, ilk dəfə olaraq nümayəndə heyətimizin bir üzvü orada komitə sədri, digəri isə büro üzvü səviyyəsinə yüksəlib.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB