Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında (AŞPA) Dağlıq Qarabağla bağlı irəli sürülən qətnamələrdən birinin qəbul olunması, digərinin isə keçməməsi, Ermənistanın işğalçılıq siyasətini aşkar şəkildə sübuta yetirən faktorun qərəzli şəkildə inkar edilməsi ictimai rəy arasında ciddi narazılığa səbəb olub. Məsələ ilə bağlı politoloqlara müraciət etdik. SİA həmin rəyləri oxucularına təqdim edir.
Arzu Nağıyev: "Nüfuz savaşı davam etməkdədir"
.jpg)
Politoloq Arzu Nağıyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin AŞPA-da qaldırılmasını müsbət hal kimi qiymətləndirib. Politoloq qeyd edib ki, qətnamənin birinin qəbul edilməyəcəyi gözənilən idi: "Burada birinci məqam erməni lobbisinin təsiridir, digər bir məqam isə BMT-nin qərarlarına münasibətdir. Ancaq səsvermədə 66 lehinə səs də müsbət haldır. Səs fərqinə diqqət yetirsək görərik ki, ən böyük təsir məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarından sonra oldu. Təbii ki, bu da onların təmsil etdiyi dövlətlərin mövqeyidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun yeddi rayonla bağlı bəyanatında da açıq gördük.Demək ki, bu da ermənilərin lehinə təbliğ idi. Məlumdur ki, AŞPA çoxsaylı Avropa dövlətlərinin parlamentarilərinin təmsil olunduğu beynəlxalq qurumdur. Ona görə də nüfuz savaşı davam etməkdədir. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə müstəqil siyasətini yürütməli, ordu quruculuğuna və xarici siyasətə önəm verməlidir. Bundan başqa ATƏT-in Minsk qrupuna da təsir mexanizmləri işlənməlidir".
Fərhad Mehdiyev: "Qətnamənin qəbul olunmamasında heç bir qərəz yoxdur"
Politoloq Fərhad Mehdiyevin fikrincə Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib" adlı qətnamənin qəbul edilməsi Azərbaycanın uğurudur: "Qətnamədə vurğulanmışdı ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və dövlətlərin sərhədlərinin bağlı olmasına baxmayaraq insanların içməli su ilə təminatına heç bir məhdudiyyət qoyulmamalıdır. Yanvarın 26-da qəbul olunan qətnamədə bir neçə bənd var idi ki. Bunlar dövlətimiz üçün olduqca vacib amil idi. Belə ki, Ermənistan silahlı qüvvələri sözügedən regiondan dərhal çıxarılmalı, müstəqil ekspertlər tərəfindən yerində təhqiqat aparılması təmin edilməli, Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmalıdır. Düşünürəm ki, təqdim olunan qətnamənin birinin qəbul olunub, digərinin isə qəbul olunmamasında heç bir qərəz yoxdur və burada heç bir diplomatik uğursuzluqdan söhbət gedə bilməz. Əsas odur ki, ikinci qətnamədə bu bəndlər var və icrası təmin olunsun".
ATƏT-in Minsk qrupunun fəaliyyətinə də münasibət bildirən politoloq qeyd edib ki, Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ümumiyyətlə bizi qane etmir: "Ona görə ki, həmsədrlər heç vaxt Ermənistana işğalçı demirlər. Amma vasitəsçilərin funksiyası ondan ibarətdir ki, tərəfsiz mövqe tutmalıdırlar. Onlar özlərinə bəraət qazanırlar ki, Ermənistana birbaşa işğalçı deyə bilməzlər, onlara birbaşa işğal etdikləri ərazilərdən çəkilin deyə bilməzlər və sair. Əlbəttə ki, bu bəhanələr bizi doyuzdurub və onların missiyası bizi qane etmir. Birmənalı olaraq onlar bu məsələnin həllinə nail ola bilməyəcəklər. Bunun üçün də ciddi geosiyasi dəyişiklik olmalıdır. Əks təqdirdə hər hansı bir irəliləyiş gözlənilmir".
Elçin Mirzəbəyli: "Belə hədələrdən, qərəzlərdən qorxub çəkinsəydik çoxdan gərək təslim olardıq"

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, AŞPA-ya daxil olan qətnamələrin hər ikisi də Azərbaycan üçün vacib məsələ idi: "Qəbul olunan qətnamədə əsasən müəyyən güzəşt nümayiş olunduğunu və səsvermədə iştirak edən deputatların əsas götürdükləri faktorun qətnamənin ekoloji xarakter daşıması olub. Doğrudur, burada Ermənistanın işğalçılığı ilə bağlı konkret müddəa var amma birinci qətnamə bilavasitə Ermənistanın işğalçılıq siyasətinə həsr olunmuşdu deyə ermənipərəst qüvvələr qətnamənin əleyhinə açıq şəkildə fəaliyyət göstərdilər. Bu baxımdan hesab edirəm ki, bundan sonra geri çəkilmək lazım deyil. Çünki biz ölkəmizə, xalqımıza qarşı ədalətsiz münasibətin dəfələrlə şahidi olmuşuq. Növbəti dəfə də münasibətlərini açıq şəkildə sərgilədilər. Belə hədələrdən, qərəzlərdən qorxub çəkinsəydik çoxdan gərək təslim olardıq. Azərbaycan dövlətinin prinsipial mövqeyi də, xalqın iradəsi də bu məsələdə bizi hər zaman ölkəmizin milli maraqlarının qorunması istiqamətində addımlar atmağa sövq edir. Ona görə də sonuna qədər mübarizə aparmaq lazımdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB