Azər Həsrət: “Azərbaycanın haqlı səsi gec-tez eşidiləcək” AÇIQLAMA

Azər Həsrət: “Azərbaycanın haqlı səsi gec-tez eşidiləcək” AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Militsa Markoviçin "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı məruzəsinin qəbul edilməsi hər şeydən öncə deyim ki, yaxşı bir gəlişmədir". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri, jurnalist Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi fəallığı artırdığı halda uğur qazana bilir: "Bu məruzənin qəbulu onu göstərir ki, Azərbaycanın haqlı səsi gec-tez eşidiləcək. Məncə AŞPA-dakı deputatlarımız bu yöndə çalışmaları artırmalıdır ki, davamı gəlsin".

Qeyd edək ki, məruzə üzrə əlavə və dəyişikliklər müzakirə olunaraq səsə qoyulub. Məruzəyə ümumilikdə 21 əlavə və dəyişiklik təklif olunub. Əlavə və dəyişikliklərin çoxu ermənilər tərəfindən təklif edilib. Erməni tərəfi hər cür vasitələrlə məruzənin məzmununu dəyişdirərək, sənədi öz xeyirlərinə yumşaltmağa çalışıblar. Ancaq onların təklif etdikləri əlavə və dəyişikliklər keçməyib.

Sona yaxın Ermənistan nümayəndə heyətinin üzvü Armen Rustamyan hesabatın yenidən komitəyə qaytarılmasını təklif etsə də, nə komitə, nə də məruzəçi bu təklifi qəbul edib. Erməni tərəf hətta məruzənin hesabatın adını da dəyişməyə cəhd edib, amma bu cəhd də uğursuzluqla nəticələnib.

Sonda məruzə səsə qoyulub, 98 deputat lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə