Deputat: “Dövlət başçısının addımı iki reallığı ortaya qoyur” MÜNASİBƏT

Deputat: “Dövlət başçısının addımı iki reallığı ortaya qoyur” MÜNASİBƏT

"Prezident İlham Əliyevin imzaladığı növbəti Sərəncamla təhsil, elm, elmi tədqiqat, mədəniyyət, səhiyyə, sosial təminat, gənclər və idman müəssisələrində, çalışanların, eyni zamanda Daxili İşlər Nazirliyi əməkdaşlarının maaşları 10 % qaldırıldı". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev Sərəncamdan irəli gələn məsələlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bundan öncə isə əhalinin sosial baxımdan daha həssas olan təbəqəsinə yanaşmada oxşar addım atılmışdı: "Şəhid ailəsi və 1990-cı ilin 20 Yanvar hadisələrində əlil olmuş şəxslərə verilən prezident təqaüdü, əmək pensiyalarının baza hissəsi və məcburi köçkünlərə yemək xərci üçün ayrılan aylıq müavinət artırılmışdı. Bəli, bir çoxları deyəcəklər ki, qiymətlərin bu qədər qalxdığı bir vaxtda 10 faizlik artım yetərincə deyil. Elə olmağına elədir. Ancaq orasını da unutmamlıyıq ki, hazırda Azərbaycanla eyni problemlə üzləşən ölkələrdən heç birində belə bir artım yoxdur".

S. Alıyev əlavə edib ki, dövlət başçısının bu addımı iki reallığı ortaya qoyur: "Birincisi, Azərbaycanın neft ixrac edən digər ölkələrdən daha yaxşı durumda olmasını. İkincisi, ən əsası isə bu ağır günlərdə dövlətin öz vətəndaşının yanında yer alaraq, onun üzləşdiyi çətinlikləri gücü çatdığı qədər azaltmağa çalışmasını. İndi gəlin düşünək, vətəndaş olaraq belə bir durumda biz öz dövlətimiz üçün nə edə bilərik və nə edirik?".

Bütün xəbərlər Facebook səhifəmizdə