YAP Gənclər Birliyinin üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.

SİA-nın məlumatına görə, YAP gəncləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri düzüblər. Ümumilikdə 200-ə yaxın gəncin iştirak etdiyi anım tədbirində "Əbədi məşəl" abidəsi önündə 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan gəncinin mövqeyini nümayiş etdirilib.

Gənclər rus imperiyasının Bakıda törətdiyi qanlı cinayətləri yada salaraq, qanlı 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətlərini yüksək dəyərləndirib, qanları ilə qəhrəmanlıq tariximizə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin gənclər tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildiriblər.
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Şəhidlər Xiyabanını ziyarət etməkdə əsas məqsədlərinin gənclərə həmin tarixi unutdurmamaq olduğunu söyləyib. Sədr müavini bildirib ki, şəhidləri anmaq hər bir azərbaycanlının mənəvi borcudur: "O cümlədən də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ətrafında birləşən gənclər tarixi hadisələri unutmur, hər zaman bu anları xatırlayır. Bu gün də biz 20 yanvar şəhidlərimizi anmaq, onların ruhuna dualar oxumaq üçün Şəhidlər Xiyabanını ziyarətə gəlmişik. Biz gənclər şəhidlərimizin ruhunu hörmətlə anır, onlara Allahdan rəhmət diləyirik".

Samirə Quliyeva həmçinin onu da bildirib ki, Ölkə Prezidenti İlham Əliyev hər zaman 20 Yanvar şəhidlərinin ailələrini öz diqqətində saxlayır, onların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində Sərəncamlar verir: "Bu günlərdə Prezidentin 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə aylıq Prezident təqaüdünün məbləğinin artırılması ilə əlaqədar Fərmanı da bir daha bunu təsdiq etdi. Bütün bunlar onu göstərir ki, şəhidlərimiz unudulmur, şəhidlər ailələri dövlət qayğısı ilə əhatə olunurlar".

YAP GB-nin Binəqədi rayon təşkilatının sədri Mahmud Məmmədzadə bu gün Yeni Azərbaycan Partiyasının gəncləri olaraq öz vətəndaşlıq borclarını yerinə yetirdiklərini dilə gətirib.
O qeyd edib ki, Azərbaycan gəncliyi heç vaxt öz şəhidlik tarixini unutmur: "Bugünkü gündə Azərbaycanın gələcəyinin təminatçıları statusunu daşımağımız məhz 1990-cı ilin 20 yanvar tarixində canını bu torpaq üçün fəda edən insanlara borcluyuq. Ona görə də tariximizə sahiblənməli, onu hər zaman yad etməliyik. Biz öz şəhidlik tariximizlə qürur duyur, onların layiqli varisi olmağa çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB