Hacı Surxay Məmmədli: “İslam dini radikalizmə yox deyir” AÇIQLAMA

Hacı Surxay Məmmədli: “İslam dini radikalizmə yox deyir” AÇIQLAMA

"Prezident İlham Əliyev tərəfindən elan olunan "Multikulturalizm ili" çərçivəsində Bakıda "Heydər" Məscidində cümə namazı qılınıb. Vəhdət namazı adlandırılan bu namazda məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda bir sırada namaz qılması, dualar etməsi təqdirəlayiq haldır". Bunu SİA-ya İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş Qafqazın ən böyük məscidi olan əzəmətli "Heydər" məscidi istifadəyə verildikdən sonra dekabrın 14-dən etibarən ibadətə açılıb və elə həmin gün məsciddə ilk cümə namazı qılınıb, bu zaman Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Heydər" məscidində ilk dəfə xütbə oxuyub və xütbə zamanı bildirib ki, bundan sonra tanınmış dindarlar "Heydər" məscidində xütbə oxuyacaqlar. Məhz elə o zamandan etibarən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bu vəhdəti qoyub. Bundan sonra isə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gəldilər".

Hacı Surxay Məmmədli bildirib ki, ümumiyyətlə islam dini qardaşlığı sevir və islamda qardaşlıq, bərabərlik var: "Təbii ki, Azərbaycanda bütün dinlər, eyni zamanda islam dini hamısı bir-birinə sayqı göstərir və göstərməlidir də. Çünki bütün dinlər ilahidən, göydən gələn bir Allah əmridir. Bura İncil, Tövrat, Zəbur aiddir. Bunları bir-birindən ayırmaq olmaz. Bütün dinlərdə qardaşlıq prinsipi əsas faktor kimi təsdiq olunur. Bu gün "Heydər" məscidində, İçərişəhər cümə məscidində və digər məscidlərdə bu qardaşlıq prinsipi qorunur və qorunacaq. Ümumiyyətlə, islam radikalizmin əleyhinədir və radikalizmə yox deyir. Multikultural dəyərlər, eyni zamanda tolerantlıq prinsipi həmişə insanlarda qardaşlıq həmrəyliyi yaradıb. Dekabrın 14-də "Heydər" məscidində mən də cümə namazını qıldım. Orada xütbə ilə çıxış edim, sonra isə məshəbindən asılı olmayaraq burada iştirak edən müsəlmanların hamısı bir araya gələrək vəhdət namazını qıldılar".

O əlavə edib ki, Allah təala "Qurani-Kərim"in Ali İmran surəsi, 103-cü ayəsində gözəl bir ayə ilə insanları birliyə dəvət edib: "Həmin ayədə bildirilib ki, "Allahın qırılmaz ipindən yapışıb səpələnməyin". Bu ayədə iki əmr var. Bunlardan biri birləşin, digəri isə ayrılmayındır. Əgər kimsə bu vəhdəti qorumursa deməli Vətənə qarşı xəyanəti var və Vətənini, dövlətini sevmir".

Bütün xəbərlər Facebook səhifəmizdə