Ötən ilin korrupsiya Hesabatı

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi, 2015-ci ildə də bütün sahələrdə mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilib. Ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, mütərəqqi institutsional tədbirlər həyata keçirilib. 2015-ci ildə Korrupsiyay qarşı Mübarizə Baş İdarəsi Korrupsiyaya qarşı Avropa Tərəfdaşları (EPAC) şəbəkəsinə daxil olub.

Hesabat dövründə idarənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müxtəlif vəzifələrə 45 kadr təyinatı aparılıb. Ötən il ərzində idarə tərəfindən 460 cinayət işinin ibtidai istintaqı aparılıb. 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanaraq onlardan 295 şəxs barəsində 200 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. İstintaqı tamamlanmış cinayət işlərindən ümumilikdə 206 şəxs barəsində 119 iş Ağır Cinayətlər Məhkəmələrinə, 89 şəxs barəsində 81 iş isə yerli rayon (şəhər) məhkəmələrinə göndərilib.Baş İdarənin əməliyyat qurumları tərəfindən peşəkarlıqla həyata keçirilmiş 14 əməliyyat tədbiri nəticəsində 16 vəzifəli şəxs cinayət başında yaxalanıb.

2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 165 iş maddi ziyanla əlaqədar olub. Həmin işlər üzrə vurulmuş 143 milyon 883 min manat ziyandan istintaq zamanı 36 milyon 101 manat və ya 25,1% ödənilib. Əməliyyat qurumları tərəfindən 31 şəxs barəsində 27 cinayət işi başlanılıb. Baş İdarəyə daxil olmuş 190 müraciətdən 23-ü rüşvət, 35-i vəzifədən sui-istifadə, 66-ı dələduzluq, 32-i mənimsəmə, 12-i saxta sənəddən istifadə, 4-ü saxta müflisləşmə, 4-ü qanunsuz sahibkarlıq, 14-ü isə digərləri ilə əlaqədar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə