Səudiyyə Ərəbistanı və İran qarşıdurması Azərbaycana necə təsir edəcək? RƏY
"İranla Səudiyyə Ərəbistanı arasındakı konfliktin dərin bir keçmişi var. Hətta bundan öncə İran öz vətəndaşlarına Həcc ziyarətinə getməyi qadağan etmişdi. Yəni üstüörtülü də olsa bu iki ölkə arasında hər zaman konflikt yaşanıb". Bu fikirləri SİA-ya açıqlamasında İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Sahib Məmmədov deyib.
"Hər iki dövlətin teokratik dövlət olması ölkələr arasında rəqabəti daha da artırır"-deyə bildirən Sahib Məmmədov qeyd edib ki, bu dövlətlər digərlərinə təsir etməkdən ötrü daha çox dindən istifadə edirlər: "Müxtəlif təriqətlərdən istifadə etdikdə isə zaman-zaman gizli konflikt fazasından açıq fazaya çıxır. Səudiyyə Ərəbistanında şiə təriqətindən olan insanların edam olunması əslində bir bəhanə idi. Onlar hesab edir ki, bu insanlar İranla bağlı olan insanlardır, İran isə düşünürdü ki, onlar sərbəst şəkildə öz dini əqidələrinin arxasınca gedən, dini yayan insanlar idi. Bu fakt bir daha onu deməyə əsas verir ki, hər iki dövlət dini öz istədikləri yönə çəkmək niyyətindədir. Bununla da konflikt getdikcə hətta diplomatik əlaqələr səviyyəsində gərginləşir. Bu cür halların baş verməsi region üçün heç də yaxşı əlamət deyil. Onsuz da region od tutub yanır, bir yandan da regionun iki böyük dövləti arasında münaqişənin gərginləşməsi region üçün qlobal təhlükədir".
Sahib Məmmədov həmçinin onu da vurğulayıb ki, hər iki dövlət arasında münasibətlərin gərginləşməsində kənar təsirlər də rol oynayır: "Ümumiyyətlə Yaxın Şərqdə, Ərəbistan yarmadasında, Fars körfəzində konfliktlərin gərginləşməsində maraqlı olan qüvvələr var. Bu həm enerji maraqlarından, həm də islam ölkələrini zəiflətməklə asılı vəziyyətə salıb, onların resurslarını mənimsəmək maraqlarından irəli gəlir. Təəssüf hissi ilə deyirəm ki, bu ölkələr belə provokasiyalara gedirlər. Zamanla Azərbaycanı təxribatlara sürüklmək cəhdləri olsa da, hamısı boşa çıxıb. Çünki dövlətin xarici siyasətində birmənalı olaraq qonşuluq siyasəti üstünlük təşkil edib. Heç kim bu günə kimi Azərbaycanı öz maraqları çərçivəsində istifadə edə bilməyib. Bu baxımdan da hesab edirəm ki, İranla Səudiyyə Ərəbistanı arasında olan konfliktin Azərbaycana təsiri olmayacaq. Azərbaycanda dini tolerantlığın olması, sivil islam dininə etiqat bu cür arzuolunmaz hadisələrdən dövlətimizi qoruyur. Ümüd edirəm ki, bu münasibətlər diplomatik, soyuq müharibə çərçivəsindən çıxmayacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB