İran-Səudiyyə Ərəbistanı münasibətləri TARİXİ XRONOLOGİYA

“Xarici qüvvələr bu regionda daima gərginliyin mövcud olmasını istəyirlər”
İran-Səudiyyə Ərəbistanı münasibətləri TARİXİ XRONOLOGİYA

SİA bu məsələ barədə tarixçi-alim Kamran Əsədovun fikirlərini təqdim edir:

"Səudiyyə Ərəbistanla İran arasında gərginləşən münasibətlər kritik həddə çatıb"

"Yanvarın 2-də səhər saatlarında İrana meylli şiə axundu, şeyx Nimr Baqir əl-Nimrlə birlikdə 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsi iki ölkə arasındakı diplomatik müharibənin başlanmasına səbəb olub. Yanvarın 3-də bir qrup etirazçı Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edib. Bu ölkənin Məşhəddəki konsulluğuna da hücum olub. Səudiyyə Ərəbistanının xarici işlər naziri İranla münasibətlərin dayandırıldığını bəyan edib. İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verilib. Eyni zamanda Səudiyyə Ərəbistanı hökuməti İrandan Tehrandakı səfirliyinin təhlükəsizliyini təmin etməyi tələb edib. Xoşa gəlməyən hal isə odur ki, hər iki müsəlman ölkəsi arasındakı münasibətlər digər ölkələrə də sirayət etməyə başlayıb. Belə ki, Bəhreyn də İranla diplomatik əlaqələri kəsdiyini elan edib və iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat verib. Yaxın Şərqin bu iki güclü dövləti arasinda müharibə küləklərinin əsməsi onsuz da od içində olan regionda vəziyyəti xeyli mürəkkəbləşdirib.

"Tarixə nəzər salsaq görərik ki, ötən əsrin 60-70-ci illərində qapalı gərginliyə baxmayaraq, İranla Səudiyyə Ərəbistanının münasibətləri yüksəlişdə olub. Lakin 1979-cu ildə İranda baş vermiş İslam inqilabı bu dövlətlərin münasibətlərinə də təsirsiz ötüşməyib. O dönəmdə İranın şiəliyi, Səudiyyə Ərəbistanının isə sünniliyi özünün rəsmi doktrinası elan etmələri bu ölkələri dini-ideoloji müstəvidə də qarşı-qarşıya gətirib. Bu ziddiyyətlər İraq-İran müharibəsi zamanı özünü daha açıq və qabarıq şəkildə büruzə verdi. Səudiyyə Ərəbistanı İraqın İrana hərbi təcavüzünü dəstəkləyərək Bağdada ciddi maliyyə-iqtisadi yardım göstərməkdən çəkinmədi. Hətta İraq-İran müharibəsi çərçivəsində aparılan "Tanker savaşı" zamanı İran və Səudiyyənin hərbi aviasiyası arasında birbaşa toqquşmalar da qeydə alınmışdı. Amma İran-Səudiyyə Ərəbistanı münasibətlərində ən ciddi gərginlik 1987-ci il iyulun 31-də Məkkədə yarandı. Həcc ziyarəti zamanı İrandan və daha bir neçə ölkədən olan zəvvarların Məkkədə Tehran rejiminin lehinə təşkil etdikləri aksiya gülləbaran edilməsi nəticəsində 400-dən artıq adam həlak oldu. Bu hadisədən sonra Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsərək bu ölkədən olan zəvvarların Həcc ziyarətinə gəlmələrini əngəllədi. Lakin 1990-cı ildə İraqın Küveytə təcavüzü zamanı Tehran və Ər-Riyad eyni mövqedən çıxış edərək Bağdadın işğalçılıq siyasətini pislədilər. İranla Səudiyyə Ərəbistanı 1991-ci ildə İraqa qarşı keçirilən "Səhrada fırtına" əməliyyatını da səssiz razılıqla qarşıladılar. 1990-cı illərin ortalarından sonra bu ölkələr arasında ikitərəfli münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrin bərpası istiqamətində qarşılıqlı addımlar atıldı. Ancaq 2003-cü ildə İraqın ABŞ tərəfindən işğalı və yeni Bağdad rejimi ilə İran arasında ciddi strateji müqavilələrin imzalanması Səudiyyə Ərəbistanı-İran münasibətlərini yenidən gərginləşdirdi. İranın Livanda da xeyli fəallaşması bu gərginliyi bir qədər də gücləndirdi. 2011-ci ildə başlayan "Ərəb baharı" dönəmində bu ölkələrin qarşıdurma mərkəzi Suriya ilə Yəmənə keçdi. İran Suriyanın şiə hakimiyyətini qorumağa, Yəməndə isə şiə müxalifəti iqtidara gətirməyə yönəlik, Səudiyyə isə əksinə siyasət yürütməyə başladı".

"Tarixi xronologiya onu göstərir ki, Ərəb regionunda baş verən hadisələr kənar müdaxilələrin təsiri ilə baş verir və daha çox dünyanın iqtisadi münasibətlərinə təsir etməyə hesablanıb. Gözləmirəm ki, iki dövlət arasında müharibə başlasın, sadəcə olaraq xarici qüvvələr bu regionda daima gərginliyin mövcud olmasını istəyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə