Üzeyir Cəfərov: “Ərazi bütövlüyümüz bərpa olunanda müharibə bitəcək" AÇIQLAMA

Üzeyir Cəfərov: “Ərazi bütövlüyümüz bərpa olunanda müharibə bitəcək" AÇIQLAMA

"İlk növbədə atəşkəsin bitməsi haqqında qərar Ermənistanın üçüncü dərəcəli məmurunun elan etməsi ilə olmur. Çünki bu sənəd Azərbaycan və Ermənistan arasında Bişkekdə imzalanıb. Bu sənədin imzalanması və yaxud qüvvədən düşməsi yalnız iki ölkənin prezidenti tərəfindən bəyan edilə bilər". Bunu SİA-ya müstəqil hərbi-ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan axı nə vaxtdan dövlətin qərar qəbul edən şəxsləri siyahısına daxil olub ki, "Ermənistanın "atəşkəs bitdi, müharibə başlayır" adlı bəyanat verir: "Əlbəttə ki, bu, Ermənistan siyasi və hərbi rəhbərliyinin narahatçılığından irəli gələn bir haldır. Bildiyiniz kimi, Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin toplantısında Ermənistan prezidenti çox əsəbi şəkildə öz iradını qırğızlara, qazaxlılara, belaruslara bildirdi ki, guya rəsmi İrəvan təcavüzə məruz qalır. İndi də Artsrun Ovanisyan belə bir bəyanat verib. Onlar son vaxtlar özlərinin başısoyuqluğundan, məsuliyyətsizliyindən cinayətlərini ört-basdır etmək üçün məsuliyyətlərini Azərbaycan tərəfinin üzərinə atır. Guya Azərbaycan tərəfi iriçapılı silahlardan atəş açır. Hətta sosial şəbəkələrdə, erməni əsgərinin təntənəli dəfn mərasimlərini "youtube" kanalında da yerləşdiriblər. Təbii ki, bütün hamısı əsəbdən irəli gələn bir məsələdir. Nə qədər ki, torpaqlar işğaldan azad olunmayıb rəsmi Bakı heç zaman bildirməyib ki, biz müharibənin bitməsini elan edirik. Müharibə o zaman bitəcək ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunacaq və ölkəmiz öz suverenliyini, ərazi bütövlüyünü tam şəkildə əldə edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə