Sarkisyanın səfər TƏFƏRRÜATLARI

Politoloq: "Rusiya Ermənistana uzlaşma çağırışı edib"
Sarkisyanın səfər TƏFƏRRÜATLARI

Məlum olduğu kimi, dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Bu görüş 2015-ci il ərzində ölkə başçıları arasında ilk və yeganə birbaşa görüş idi. Serj Sarkisyanın Bern görüşündən sonra dərahl Moskvaya səfər etməsi diqqətləri cəlb etməyə bilməzdi. Səfər çərçivəsində Sarkisyanın Putinlə görüşü zamanı Bern danışıqlarının müzakirə ediləcəyi də istisna deyil.

"Böyük ehtimalla Bern görüşündə danışıqlar sərt tonda keçib. Ona görə də Sarkisyan dərhal sonra Rusiya ilə məsləhətləşməyə gedib". Bu fikirləri SİA-ya politoloq Fərhad Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Serj Sarkisyanın görüşünü şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Rusiyanın icazəsi olmadan Ermənistan heç cür qərar qəbul edə bilmir: "Amma Rusiya rəsmilərinin bu barədə son açıqlamalarına nəzər yetirsək görərik ki, Rusiya Ermənistana uzlaşma çağırışı edib. Çünki dünən Rusiya rəsmisi mətbuatda tərəflərdən müəyyən prinsiplər haqqında razılığa gəlinəcəyini gözlədiklərini bildirib. Lakin diqqət etsək, Rusiya bu dəfə münaqişənin hərbi yolla həllinə imkan olmadığını dilə gətirməyib. Bu da onu deməyə əsas verir ki, rəsmi Moskva baş verən proseslər fonunda münaqişənin tez bir zamanda həll olunmasını istəyir. Sarkisyanın da Rusiya səfərinin əsas məğzi məhz rəsmi Moskvanı münaqişə ətrafında baş verən hadisələrdən xəbərdar etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə