Niyə Türkiyəni ən yaxşı İran anlamalıdır? Açıqlama

Niyə Türkiyəni ən yaxşı İran anlamalıdır? Açıqlama

"İran sanksiyalardan əziyyət çəkmiş bir dövlət kimi Türkiyənin hazırkı vəziyyətini anlamalıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirli Rusiya və Türkiyə münasibətləri fonunda İranın mövqeyini şərh edərkən deyib.

O bildirib ki, sanksiya məsələlərində Türkiyə birmənalı olaraq bitərəf mövqe tutur və bununla da müstəqil siyasət nümayiş etdirir: "Türkiyənin hər hansı bir ölkəyə qarşı sanksiya tətbiqinə münasibəti yaxşı deyil. Bunu Türkiyənin apardığı siyasətdə də müşahidə etmək olar.

ABŞ-ın İrana qarşı sanksiyalarını reallaşarkən Türkiyə bu sanksiyalara qoşulmadı. Həmçinin ABŞ, Avropa İttifaqı və Qərb ölkələri Rusiya qarşı sanksiyalar işə salarkən Türkiyə bu sanksiyalara da qoşulmadı, əksinə o, Rusiya ilə ticarət dövriyyəsini daha da artırdı və 40 milyard dollara çatdırdı. Bütün bunlar təbii ki, Türkiyənin müstəqil siyasətinin sübutudur".

Sanksiyaların heç bir problemin həllində açar rolunu oynamadığını vurğulayan millət vəkili, sanksiyalardan əziyyət çəkmiş bir dövlət kimi İranın bu məsələlərdə vəziyyəti düzgün dəyərləndirərək addım atmasını daha məqbul hesab etdiyini deyib: "İran Türkiyə və Rusiya arasındakı hazırkı münasibətlərini nəzərə alaraq anlamalıdır ki, Türkiyəyə qarşı tətbiq edilmiş sanksiyalar regionda sülhə və təhlükəsizliyə xidmət etmir. Bu gərgin münasibətlər nəinki Türkiyə və Rusiyanın eyni zamanda Yaxın və Orta Şərq, Mərkəzi Asiya, Xəzər dənizi, Qara dəniz və böyük Balkan regionunun maraqlarına xidmət etmir, bölgədəki sülh və təhlükəsizlik şəraitinə xələl yetirir. Buna görə də İran sanksiyalardan əziyyət çəkmiş bir dövlət olaraq Türkiyənin hazırkı vəziyyətini anlamalı və sanksiyaların əleyhinə ola biləcək bir mövqe nümayiş etdirməlidir. İranın indiki vəziyyətdə Türkiyəyə qarşı tətbiq edilmiş sanksiyalar əleyhinə mövqe tutması həm Türkiyənin, həm Rusiyanın, həm də İranın mövqeyinə xidmət edər".

Bütün xəbərlər Facebook səhifəmizdə