Arzu Nağıyev: “Türkiyə-Rusiya gərginliyindən ən çox yararlanan ermənilərdir” AÇIQLAMA

Arzu Nağıyev: “Türkiyə-Rusiya gərginliyindən ən çox yararlanan ermənilərdir” AÇIQLAMA

"Düşünürəm ki, Türkiyə -Rusiya gərginliyi bir müddət davam edəcək". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib. Onun sözlərinə görə, Bosfor boğazından dünya okeanlarına və əks istiqamətdə yüzlərlə dövlətin hərbi və ticarət gəmiləri keçir: "Bu keçidlərin hamısı "Montre konvensiyası" ilə tənzimlənir. Yəni Bosfor və Dardanel boğazlarında Türkiyənin müstəqilliyi hamı tərəfindən qəbul edilib və Türkiyə də öz növbəsində götürdüyü öhdəliklərə əməl edir. Həmin konvensiyaya əsasən ticarət gəmiləri bu boğazlardan sülh və hərbi vəziyyətdə də sərbəst keçə bilərlər. Hərbi gəmilər isə Qara dəniz ətrafı və digər dövlətlərə məxsus olarsa bi bir qədər fərqlidir. Sülh vaxtı hərbi gəmilər Türkiyə tərəfinə məlumat verərək keçir, digərləri isə müvafiq icazə alırlar. Əgər Türkiyə müharibədə iştirak edirsə və ya onun təhlükəsizliyinə təhdid varsa, istənilən hərbi gəminin keçməsinə yasaq qoya bilər. Türkiyənin özü bu müharibədə iştirak etmirsə, digər iştirakçı dövlətlərin də gəmilərini saxlaya bilər. Yəni bunları sadalamaqda əsas məqsədim odur ki, hansısa gəminin Bosfordan keçərkən heyətin məsuliyyətsizlik etməsi təbii ki, heç də yaxşı hal deyil və belə bir gərgin vəziyyətdə ona adekvat cavab veriləcəyi də gözlənilən idi".

Arzu Nağıyev qeyd edib ki, bunun müharibənin başlanması üçün səbəb ola biləcəyi inandırıcı deyil: "Düşünürəm ki, belə halların qarşısı alınacaqdır. Bundan başqa ümumiyyətlə müharibənin olacağı da inandırıcı deyil, yəqin ki, diplomatik yollarla bu prosesə aydınlıq gələcəkdir. Eyni zamanda bu gərginlik regionda da gərginliyi artırır və təbii ki, Azərbaycana da müsbət bir perspektiv gətirmir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara da, status-kvonun ermənilərin xeyrinə saxlanmasının da səbəblərindən biri məhz bu gərginlik ola bilər. Artıq atılan hər bir ehtiyatsız addım bir-birinə belə xoş gəlmir və bunu siyasiləşdirməyə çalışan qüvvələr də bundan öz xeyirlərinə istifadə edirlər. Bəlkə də bu gərginlikdən ən çox yararlanmağa çalışan ermənilərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə