YAP rəsmisi: “Dekabrda növbəti əfv sərəncamı imzalana bilər” AÇIQLAMA

YAP rəsmisi: “Dekabrda növbəti əfv sərəncamı imzalana bilər” AÇIQLAMA

"Hesab edirəm ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalana bilər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP İcra katibi müavinin sözlərinə görə, hər il ölkəmizdə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamları imzalanır: "Ölkə başçısı hər zaman hümanist siyasət yürüdüb. Hələ Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olarkən Azərbaycanda ölüm hökmünü dayandırdı. Bundan sonra isə ölkəmizdə ölüm hökmü ləğv olundu. Vaxtilə Ulu Öndər tərəfindən də bir neçə əfv sərəncamları imzalanmışdı və amnistiya verilmişdi. Eləcə də cənab Prezident İlham Əliyev tərəfindən də əfv sərəncamları olub və amnistiya haqqında sənədi imzalayıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə də Azərbaycanda çox böyük Amnistiya Aktı qəbul olundu. Bu akt 9 minə yaxın insana şamil olundu".

S.Novruzov əlavə edib ki, Azərbaycanın həm milli bayramlarında, həmçinin də bəzi dini bayramlarda Prezident İlham Əliyev tərəfindən əfvlə əlaqədar müraciət olunan, əfv komissiyası tərəfindən baxılıb göndərilən sənədlərə imza atılır və əfv sərəncamı verilir: "Hesab edirəm ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə də Prezident İlham Əliyev tərəfindən növbəti dəfə əfv sərəncamı imzalana bilər. Amma bu məsələ həm əfv komissiyasının, həm də cənab Prezidentin səlahiyyətinə daxil olan məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə