Mövlud Çavuşoğlu: “Biz hər bir məsələdə Azərbaycanın yanındayıq” YENİLƏNİB - VİDEO
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində bu gün Azərbaycan Xarici İşlər Nazirliyində olub. SİA-nın məlumatına görə, səfər çərçivəsində Mövlud Çavuşoğlu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Nazirlər həm təkbətək, həm də geniştərkibli görüş keçiriblər.
Hər iki nazir regional məsələlər, iki ölkə arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də xüsusi diqqət ayıran rəsmilər qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıblar.
Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib. Jurnalistlərə açıqlama verən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib ki, həmkarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında bəzi məsələləri müzakirə edib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflərlə çıxış edib. Təkliflər Rusiya XİN rəhbəri Sergey Lavrovun regiona səfəri zamanı təqdim edilib. Həmçinin, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək təklif edilib. Biz buna razılığımızı verdik. Görüşün tezlikə baş tutacağını gözləyirik".
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Azərbaycanda olmaqdan məmnunluq duyub: "Bildiyiniz kimi, noyabrın 1-də həm Azərbaycanda, həm də Türkiyədə seçkilər keçirildi. Seçkilərin uğurlu sonlanması münasibətilə də qardaş Azərbaycanı təbrik edirik. Azərbaycanın uğurlarını, irəliləmələrini görməkdən sevincliyik. Bu gün səhər həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul edildim. Prezident İlham Əliyevi və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu Türkiyənin Antalya şəhərində keçirilən "G20" sammitində də görməkdən böyük məmnunluq duyduq. Azərbaycan bütün dünya məsələlərində önəmli rola malik olub. Mən həmkarımla bu görüşdə iki ölkə arasındakı əməkdaşlıq məsələlərini müzakirə etdik. Hər iki ölkə arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədədir. Azərbaycan-Türkiyəni bir-birinə bağlayan layihələr üzərində işlərimiz davam edir".
M.Çavuşoğlu deyib ki, TANAP məsələsində də heç bir problem yoxdur: "Biz bütün addımları zamanında atırıq. Bakı-Tbilisi-Qars dəmiryolu xəttində önəmli nöqtəyə varmışıq. Türkiyədə müəyyən problemlərlə bağlı bir qədər gecikmələr oldu. Qısa zamanda bu dəmiryolu xəttini həyata keçirəcəyik. Bu yaxınlarda üçlük olan – Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin görüşünü keçirəcəyik. Biz hər bir məsələdə Azərbaycanın yanındayıq. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də biz Azərbaycanın yanındayıq. Arzu edirik ki, bu münaqişə tezliklə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə öz həllini tapacaq. Ötən gün Azərbaycanda baş verən terror hadisəsi ilə bağlı da şəhid olan polis dostlarımıza Allahdan rəhmət diləyirik. Terrorla mübarizə sahəsində Azərbaycanla Türkiyə arasında işbirliyi mövcuddur. Bu məsələdə də hər zaman Azərbaycana dəstək verməyə hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB