YAP-ın 23 illiyi Siyəzəndə qeyd edildi FOTOLAR

YAP-ın 23 illiyi Siyəzəndə qeyd edildi FOTOLAR

YAP Siyəzən rayon təşkilatı partiyanın yaranmasının 23 illiyi il bağlı tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, ötən əsrin 90-cı illərin əvvəllərində o vaxtkı mövcud iqtidarın özbaşnalıqlar və qanunsuzluqlarla müşahidə olunan hakimiyyətinin yeritdiyi düşünülməmiş siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi real təhlükə ilə üzləşmişdi, xalqımız məhvə doğru sürüklənirdi. Erməni işğalçılarının getdikcə quduzlaşdığı bir vaxtda ayrı-ayrı bölgələrdə baş qaldırmış separatizm meylləri qarşısı alınmaz prosesə çevrilir, ölkə paytaxtı siyasi çəkişmələr və hərcmərclik məngənəsində boğulur, cəmiyyətdə vətəndaş qarşıdurması güclənir, hakimiyyətdə olan AXC-Müsavat rejimi isə ölkənin ictimai-siyasi həyatına nəinki nəzarət edə bilir, əksinə yaratmış olduğu problemləri yarıtmaz idarəçilik üsulu ilə daha da dərinləşdirirdi. Naşı rəhbərlik və onların yarıtmaz idarəçiliyi nəticəsində yaranan xaos, parçalanma, dövlətin məhvi kimi problemlər AXC-Müsavat hakimiyyətinin ilk günlərindən etibarən Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac yaradıb.

Məhz belə bir vaxtda Yeni Azərbaycan Partiyasının yaranması zərurəti meydana çıxdı. Azərbaycanın düşdüyü böhran vəziyyətindən yeganə çıxış yolunu Heydər Əliyevin respublikaya rəhbərliyə qayıdışında görən ziyalıların, ən müxtəlif təbəqələrdən olan insanların mütəmadi səslənən müraciətləri, təşəbbüsləri, bu partiyanın yaranmasını labüd etdi. Lakin Heydər Əliyevin sədrliyi ilə belə bir partiyanın yaradılmasına bütün vasitələrlə mane olmağa çalışan AXC-Müsavat hakimiyyəti tarixin hökmü, xalqımızın iradəsi əleyhinə fəallığı daha da gücləndirirdi.

Mövcud iqtidarın özbaşınalıqlarına, qanunsuz hərəkətlərinə, Heydər Əliyevin və onun tərəfdarlarının təqiblərə və təzyiqlərə məruz qalmasına baxmayaraq, Yeni Azərbaycan Partiyasının yaradılmasının qarşısını almaq mümkün olmadı.

O dövrki iqtidarın yaratdığı bu və ya digər çətinliklər səbəbinə YAP-ın təsis konfransı ölkə paytaxtında deyil Naxçıvan şəhərində keçirildi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilmişdir. Konfransda Azərbaycanın müxtəlif regionlarından təəsübkeş qruplarının 550-dən artıq nümayəndəsi iştirak edib.

Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçilib.

Azərbaycanda dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, sivilizasiyalı, hüquqi-demokratik dövlətin yaranması, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli inkişafı və etibarlı müdafiəsini təmin etmək məqsədi ilə geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış etmək kimi qarşısına çətin və şərəfli məqsədlər qoymuş YAP ötən 23 il ərzində böyük nailiyyətlər qazanıb.

Yeni Azərbaycan Partiyası görkəmli dövlət xadimi, dünya səviyyəli siyasətçi, əvəzedilməz lider Heydər Əliyevin əbədiyaşar əsəridir. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günllərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Heydər Əliyevin rəhbərliyi altında həyata vəsiqə alan təşkilat sıralarında vətənpərvər insanları birləşdirərək ölkənin taleyüklü məsələlərini həll etmək üçün liderinin ən yaxın siyasi istinadgahına çevrilib.

Partiya yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən ali tutduğunu bəyan etdi və qısa zaman çərçivəsində ümumxalq rəğbətini qazandı. Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları və tədbirlərin icrası çərçivəsində ölkənin bütün bölgələrində müxtəlif infrastuktur layihələri həyata keçirilir, təhsil, səhiyyə və digər sosial obyektlərin inşası uğurla davam etdirilir. İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində aparılan hərtərəfli islahatlar əhalinin maddi rifah halının yüksəlməsinə səbəb olub.

Rayonun ictimai-siyasi həyatında aparıcı rola malik olan YAP Siyəzən rayon təşkilatı öz fəaliyyətini Heydər Əliyev ideyalarının, Yeni Azərbaycan Partiyasının V Qurultayında Partiyamızın sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir. YAP rayon təşkilatı işini daim rayon icra hakimiyyəti ilə sıx əlaqədə qurur və rayon İcra Hakimiyyəti başçısı ətrafında sıx birləşərək rayonumuzun inkişafı üçün var qüvvəsi ilə çalışır.

Daha sonra YAP Siyəzən rayon Qadınlar Şurasının sədri Ramilə Seyidova, Azadə Əlimirzəyeva və Şəms İslamova çıxış ediblər.

Sonda tədbir iştirakçılarından Azadə Əlimirzəyeva fəxri fərmanla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə