YAP rəsmisi: “Hakim Partiyanın seçkilərdə uğur qazanması aksiomdur” AÇIQLAMA

YAP rəsmisi: “Hakim Partiyanın seçkilərdə uğur qazanması aksiomdur” AÇIQLAMA

"Yeni Azərbaycan Partiyası 1993-cü ildən prezident, parlament və bələdiyyə seçkilərdə iştirak edir. Partiya 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin prezident seçkilərinə qatılmaqla, onun seçki kampaniyasının həyata keçirilməsində fəal iştirak etməklə böyük təcrübə qazandı. Sonrakı mərhələlərdə isə YAP prezident, parlament və bələdiyyə seçkilərdə çox ciddi uğurlar əldə edərək, eyni zamanda dünya seçki təcrübəsinin ən yaxşı nümunələrini əxz edərək onları Azərbaycan şəraitində daha səmərəli şəkildə tətbiq edə bildi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP-ın noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, hakim Partiyanın qələbəsini şərtləndirən amillərdən danışarkən birinci yerdə bu Partiyanın Ümummilli Lider Heydər Əliyev ideyalarına söykənməsidir: "İkincisi bu Partiyanın hazırki şəraitdə Prezident cənab İlham Əliyev tərəfindən rəhbərliyi ilə daha yüksək səviyyəyə çatdırılması və onun həyata keçirdiyi siyasətin uğurlarıdır. Digər səbəb Azərbaycan cəmiyyətinin ən intellektual, aparıcı hissəsinin bu Partiyanın sıralarında cəmlənməsidir. Eyni zamanda YAP-ın coğrafi baxımından Azərbaycan ərazisində geniş şəkildə təşkilatlanmasıdır".

O əlavə edib ki, bu gün hakim Partiyanın 720 mindən çox üzvü var: "Belə bir gücə malik olan Partiyanın seçkilərdə uğur qazanması aksiomdur. Bununla belə, Partiyanın uğurlarından biri YAP-ın yerli strukturları ilə İcra katibliyi arasında sıx əlaqələrin və müəyyən mənada ideal idarəçilik sisteminin yaradılması, dövlət idarəçiliyində çalışan partiya üzvlərinin fəaliyyətinin yüksək səviyyədə olmasıdır, xalqla hakimiyyətin vəhdətidir, eləcə də Prezident İlham Əliyevin siyasətinə, onun şəxsiyyətinə Azərbaycan xalqının böyük rəğbətidir. YAP-ın namizədlərinin şəxs, siyasətçi olaraq irəli sürüldükləri dairələrdə əhali tərəfindən müdafiə edilməsidir. Bütün bunlar YAP-ın seçkilərdə uğurunun göstəriciləridir. Hesab edirəm ki, növbəti mərhələlərdə də hakim Partiya istənilən seçkiyə qatılaraq böyük uğur qazanmaq iqtidarına malik bir Partiyadır".

Bütün xəbərlər Facebook səhifəmizdə