Növbəti bir ildə G20-yə Çin sədrlik edəcək

Növbəti bir ildə G20-yə Çin sədrlik edəcək

"Növbəti bir ildə G20-ə Çin sədrlik edəcək". Bu sözləri G20 Sammitinin iştirakçısı olan iqtisadçı Vüqar Bayramov deyib.

SİA xəbər verir ki, onun sözlrinə görə Türkiyə Prezidentinin sədrliyi Çinə təqdim edəcəyi gözlənilir, yəni növbəti bir ildə G20-ə Çin sədrlik edəcək: "Azərbaycanın ilk dəfə qatıldığı Liderlər Samiti ölkəmiz üçün kifayət qədər uğurlu oldu. Əvvəla, Azərbaycan nümayəndə heyəti ötən il ərzində bütün görüşlərdə və müzakirələrdə iştirak edə bildi. Bu da Azərbaycanın regional məsələlər ilə bağlı mövqeyinin nümayiş etdirilməsi və fikir mübadiləsi baxımdan olduqca vacib idi. İkincisi, ölkəmiz G20 Samitinə yüksək səviyyədə hazırlaşdı. Azərbaycanda nümayəndə heyəti bütün platformalarda təmsil oluna bildi. İlk dəfə olaraq ölkəmiz Biznes 20, Beyin 20, Qadın 20 kimi platformalarda fəal iştirak etdi. Üçüncüsü, samit ərəfəsində nəşr edilən və dünyanın aparıcı liderləri də daxil olmaqla iştirakçılar arasında yayımlanan "G20" dərcisində cənab İlham Əliyevin "Ümumi Strategiyanın Formalaşdırılması" başlıqlı məqaləsi də dərc edildi. Məqalədə ölkəmizin müstəqillik illərində keçdiyi yol, iqtisadiyyatın diversifikasiyası ilə bağlı məqamlar ilə yanaşı multikulturalizm kimi digər vacib məsələlər də öz əksini tapıb".

Vüqar Bayramov bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar ilə yanaşı dövlət başçısı Antalya G20 Liderlər Samiti kontekstində qlobal məsələlər ilə bağlı öz fikirlərini bölüşüb: "Nəhayət, samitin özünə gəldikdə isə, Azərbaycan rəhbərliyi və ekspertlər tədbirdə ölkəmizin mövqeyini geniş auditoriyaya çatdırdı. Azərbaycan Prezidenti ikitərəfli görüşlər keçirməklə ilə yanaşı, eyni zamanda bu yüksək tədbirdə çıxış etdi. Dövlət başçımız çıxışında iqtisadi və regional məsələlər ilə yanaşı, Qarabağ münaqişəsi və ölkəmizin məruz qaldığı terror barədə məlumat verdi. Fransada baş verən terrordan sonra Azərbaycanın uzun müddət üzləşdiyi problemləri qlobal auditoriya daha yaxşı anlamış olmalıdır. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ikitərəfli görüşlər keçirərək xüsusi müzakirələrdə iştirak etdi. Mehriban xanım həmçinin Antalyada yerləşən əlillərin bərpa mərkəzini ziyarət etməklə ölkəmizin humanizmə diqqətini bir daha təqdim etdi. Beyin 20 və Biznes 20 platformalarında nümayəndələrimiz xeyli aktiv oldular. Dünya liderləri üçün təkliflərin hazırlanmasında Azərbaycan nümayəndə heyətinin iştirakı və töhfəsi birmənalı şəkildə yüksək qiymətləndirilməlidir. Bütövlükdə, samit çərçivəsində bütün platformalarda nümayəndə heyətinin aktiv iştirakı həm ölkəmizin təqdimatı, həm də Azərbaycan ilə G20 ölkələrinin iqtisadi əməkdaşlığı möhkəmləndirmək baxımdan olduqca faydalı oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə