Politoloq: “Azərbaycanın sammitə dəvət olunmasına qısqanclıqla yanaşılır" AÇIQLAMA

Politoloq: “Azərbaycanın sammitə dəvət olunmasına qısqanclıqla yanaşılır" AÇIQLAMA

"Türkiyədə keçiriləcək "G-20" sammiti ərəfəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin Türkiyə geosiyasətində Azərbaycanı Ermənistanla eyni çəkidə göstərməsi qısqanclığın göstəricisidir. Müxtəlif qüvvələr Azərbaycanın sözügedən sammitə müşahidəçi qismində dəvət olunmasına qısqanclıqla yanaşırlar". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə Türkiyə geosiyasətində Azərbaycanla Ermənistanın bir çəkidə göstərilməsi düzgün deyil: "Unutmaq lazım deyil ki, Türkiyə ilə bizi dil, din, millət bağlılığı ilə yanaşı hərbi, siyasi və iqtisadi cəhətdən strateji tərəfdaşlıq birləşdirir. Ölkələrimiz arasında müxtəlif əlaqələr mövcuddur. Belə olan halda necə ola bilər ki, Ermənistan Azərbaycanla eyni çəkidə göstərilsin? Rəsmi Ankara Ermənistanla sərhədi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinə görə bağlayıb. Ümumiyyətlə, türk, müsəlman dövlətləri olan – Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanında Ermənistanın diplomatik səfirliyi belə yoxdur".

Qeyd edək ki, Beynəlxalq Avrasiya Hərəkatının lideri, Rusiyanın işğalçı siyasətinin alovlu tərəfdarı, politoloq Aleksandr Duqin Ermənistan mətbuatına müsahibəsində bildirib: "Ermənistanda çoxları hesab edir ki, Türkiyə Azərbaycanı bütövlükdə dəstəkləyir. Bu, belə deyil. Türk geosiyasətində Azərbaycan da Ermənistan kimi eyni çəkiyə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə