Rusiya regiondakı vəziyyəti tarıma çəkir Açıqlama

"Rusiyanın atdığı bu addım regiondakı vəziyyəti bir qədər də gərginləşdirəcək". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradacağı ilə bağlı qərara münasibət bildirərkən deyib.

Onun fikrincə, Rusiyanın atdığı bu addım Dağlıq Qarabağ məsələsinin həllinə köməklik göstərməyəcək və əksinə tez bir zamanda münaqişənin həll olunmasına maneçilik törədəcək: "Rusiyanın atdığı bu addımlar bilavasitə olaraq Ermənistanın möhkəmlənməsinə və bundan sonra da işğalçılıq siyasətini davam etdirməsinə yönəldilib. Buna başqa bir ad vermək olmaz".

Üzeyir Cəfərov bildirib ki, Rusiya bu addımı atmamalı idi, çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və belə məsələlərdə son dərəcə diqqətli davranmalıdır: "Rusiya və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində münasibətləri mövcuddur. Bununla yanaşı, tərəflər arasında həm iqtisadi, həm də hərbi sahədə əməkdaşlıq var. Bütün bunların fonunda Rusiya tərəfindən bu addımın atılması heç də xoş niyyətli qarşılanmamalıdır. Hətta Rusiyanın atdığı bu addım regiondakı vəziyyəti bir qədər də gərginləşdirəcək. Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələdə son dərəcə prinsipiallıq nümayiş etdirməli və Rusiyanı bu addımlardan çəkinməyə dəvət etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə