2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş 9 saylı Binəqədi II seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Umudov Salman Fazil oğlu bəyanat veeib. SİA həmin bəyanatı olduğu kimi sizə təqdim edir:
"Azərbaycan Respublikasının Milli Məclisinə bu günlərdə keçirilən seçkilər ölkəmizin uğurlu seçki təcrübəsinin tərkib hissəsi olaraq xalqımızın iradəsinin təntənəsi kimi qiymətləndirilə bilər. Bu seçkilər mənim üçün də unudulmaz oldu. Seçkilərdə siyasi mənsubiyyətindən və mövqeyindən asılı olmayaraq hər bir namizədə bərabər şəraitin yaradıldığını, onların qeydiyyata alınması prosesindən başlayaraq təbliğat-təşviqat dövründə, xüsusilə də seçkilər günü heç bir problem və maneə ilə rastlaşmadıqlarının şahidi oldum.
Mən də öz təşəbbüsü ilə deputatlığa namizəd olaraq seçki prosesinin gedişindən razılığımı bildirir və seçkilərin normal keçirildiyini bəyan edirəm. Seçkilər siyasi rəqabətdir, ən başlıcası seçkilərdə xalqımzın iradəsinin ifadəsinə hörmətlə yanaşmaqdır.
Deputatlığa namizəd olaraq Binəqədi seçicilərinin iradəsini əks etdirən seçkilərin nəticəsini tanıyır və seçicilərin etimadını qazanmış qalib namizəd kimi Qafarov Kamaləddin Nəsrəddin oğlunu təbrik edirəm. Onun qələbəsi hər birimizin qələbəsidir. Çünki seçicilərin seçimi müzakirə olunmur.
Mən bir daha ölkəmizdə, eləcə də deputatlığa namizədliyimin irəli sürüldüyü 9 saylı Binəqədi II seçki dairəsində parlament seçkilərinin Azərbaycan qanunvericiliyinə, Seçki Məcəlləsinə uyğun keçirildiyini bəyan edir və biz namizədlər üçün yaradılan bərabər seçki mühitinə görə ölkə rəhbərliyinə öz təşəkkürümü bildirirəm".
Hörmətlə, Umudov Salman Fazil oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB