İtaliyalı deputat: "Dünyanın Azərbaycana ehtiyacı var"

İtaliyalı deputat: "Dünyanın Azərbaycana ehtiyacı var"

"Azərbaycandakı parlament seçkisi demokratik və yüksək səviyyədə təşkil olunmuşdu". SİA-nın xəbərinə görə, bunu İtaliya Senatının üzvü, İtaliya parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Sergio Divina bildirib.

Onun sözlərinə görə, müşahidə zamanı qanunların pozulması hallarına rast gəlməyiblər: "Seçkilər Avropa standartlarına uyğun təşkil olunub. İndiyədək ATƏT və Avropa Şurası çərçivəsində bir çox ölkələrdə seçkiləri müşahidə etmişik. Amma Azərbaycanda gördüyümüz bir sıra yeniliklər bizi çox sevindirdi. Azərbaycan kimi gənc bir dövlət üçün bu cür seçkilər keçirmək sözün əsl mənasında böyük uğurdur. Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Düşünürəm ki, Azərbaycan kimi ölkəni təcrid etmək, ATƏT-in müşahidəçi göndərməməsi mənfi haldır. Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Həm dini, həm mədəni fundamentalizm bir sahələrdə problemlər yaradır. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır" .

İtaliya müşahidə missiyasının üzvü Fiorella Provera isə özünü Azərbaycanın dostu hesab etdiyini bildirib: "Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir. Müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük. Azərbaycan demokratiya yolunda öz xəttini seçib. Dünyanın Azərbaycana ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda enerji resurslarına malikdir. Beynəlxalq ictimaiyyət isə əsasən, Dağlı Qarabağ problemi ilə bağlı narahatlıq keçirməlidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə