Nərimanov rayonunda səsvermə uğurla həyata keçirilir

Nərimanov rayonunda səsvermə uğurla həyata keçirilir

Bu gün 1 noyabr Milli Məclisə seçkilər günüdür. Səsvermənin ilkin nəticələrini müşahidə etmək üçün paytaxt Bakının bir neçə rayonunda seçki məntəqələrində olduq. 18 saylı Nərimanov-Nizami Seçki Dairəsininin, 19 saylı Nərimnaov Birinci Seçki Dairəsinin, 20 saylı Nərimanov İkinci Seçki Dairəsinin məntəqələrində səsvermə prosesi seçici fəallığı ilə müşahidə olunur. 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 20 saylı məntəqəsinin sədri Qasım Qasımovun SİA-ya verdiyi məlumata görə, seçkilər tam demokratik, şəffaf keçirilir.

Məntəqə sədri qeyd edib ki, sözügedən məntəqə üzrə siyahıda 1304 nəfər seçici qeydə alınıb: "Səhər saatlarında seçicilərin aktivliyi yüksək idi. Belə ki, artıq səhər məntəqələr açılandan bir saat ərzində 250 yə yaxın səsvermə olub. İnsanların məntəqələrə axını davam etməkdədir. Ölkəmizdə fəaliyyət göstərən bir sıra siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla, öz təşəbbüsü ilə müşahidəçi qismində müşahidə aparmaq istəyən 30 yaxın insan qeydiyyatdan keçib. İki ədəd daşınmayan, bir ədəd isə daşınan qutu var. Amma hələ ki, ərizə ilə, telefon vasitəsi ilə müraciət edilmədiyinə görə daşınan qutu ilə məntəqədən kənara çıxarılmayıb. Heç bir şikayət olmayıb. Bu da onun göstəricisidir ki, seçkilər tam şəffaf keçirilir"

Pakistan Parlamentinin nümayəndə heyətinin üzvü Samina Abid səsvermə prosesinin şəffaflığından bəhs edib.

Samina Abid Azərbaycanda tədbiq olunan yeni texnologiyanı çox bəyəndiyini qeyd edərək bildirib ki, bu yenilik barədə hökmən öz ölkələrində danışacaq: "Bütün məntəqələrdə seçki ab-havası yüksəkdir. Biz buradakı seçki prosesini öz ölkəmizlə müqayisə etdik. Proses tam demokratik və şəffaf şəkildə həyata keçirilir ki, bundan da çox məmnunuq. Hesab edirik ki, başqa dövlətlər də məhz Azərbaycanın seçici təcrübəsindən nümunə götürməlidirlər".

Pakistan Parlamentinin nümayəndə heyətinin üzvü Lt Gen Retd Syed Salahuddin Tirmizi isə öz növbəsində vurğulayıb ki, Azərbaycanda seçkilər xalqın mənafeyini əks etdirir.

O inamla qeyd edib ki, bu dəfəki seçkilər də Azərbaycan xalqı üçün səmərəli seçkilər olacaq.

Türkiyəli müşahidəçi Şamil Aydın əsas məsələnin seçkilərin nəticəsinin Azərbaycan xalqının iradəsini əks etdirməsi olduğunu bildirərək qeyd edib ki, Azərbaycanda bundan öncəki seçkilərdə də müşahidəçi kimi iştirak etmişə: " Hər dəfə gəldiyimdə isə seçki prosesindəki yenilikləri müşahidə edirəm və bu bizi sevindirir".

Şamil Aydın qeyd edib ki, seçkilərin daha şəffaf, demokratik keçirilməsi üçün Azərbaycan dövləti bütün imkanlardan istifadə edir: "Ölkəmizə döndüyümüz zaman da müşahidə etdiyimiz yeniliklər barədə məlumat verəcəyik. Hazırda seçkilərdə əhalinin aktivliyini gördük, seçkilərə axınını müşahidə etdik. Əsas məsələ isə seçkilərin nəticəsinin Azərbaycan xalqının iradəsini əks etdirməsidir. Türkiyənin 80 illik cumhuriyyət tarixinin olmasına baxmayaraq hələ də bir sıra sahələrdə inkişaf ləng gedir. Bu baxımdan da hesab edirəm ki, bu gün Azərbaycan gənc respublika olmağına baxmayaraq bir sıra inkişaf etmiş ölkələri geridə qoyub. Ümumi seçkilərin gedişatını yükəsək qiymətləndirirəm".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə