Müsavatın qərarı heç bir çərçivəyə sığmır

Müsavatın qərarı heç bir çərçivəyə sığmır

"Hər bir seçki dövlətin güzgüsüdür. Bu, Azərbaycanda da belədir". Bu fikirləri Secki-2015.az saytına Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Vaqif Abışov seçkiöncəsi prosesləri dəyərləndirərkən deyib.

Partiya rəsmisinin sözlərinə görə, parlament seçkiləri qanunverici orqanın müəyyənləşməsinin təməl nöqtəsidir: "Belə ki, bu gün Azərbaycanda ənənəvi seçki prosesi gedir və atılan hər bir addımlar konstitusion hüquqlara əsaslanır. Söz yox ki, hər seçki dövrü bəzi texniki səbəblər yaranır və bütün bunlar müvafiq qurumlar tərəfindən nəzərə alınır".

BAXCP sədrinin müavini seçkilərdə müxalifət partiyalarının iştirak etməməsi iddiası ilə çıxış edən bəzi xarici dairələrin bəyanatlarına da münasibət bildirib. O, təmsil olunduğu siyasi təşkilatın da müxalif mövqeli olduğunu xatırladaraq deyib ki, digər müxalifət partiyaları da onlarla eyni mövqedən çıxış edirlər: "Qeyd etmək istəyirəm ki, parlament seçkilərndə müxalifət partiyaları da iştirak edir. Daha doğrusu, onların nümayəndələri majoritar qaydada seçkilərə qatılıblar. Bəzi müxalifət partiyaları da var ki, onlar seçkilərdə iştirak etməkdən imtina ediblər. Halbuki, Müsavatın 25 namizədi qeydiyyata alınmış, seçicilərlə görüşlər keçirilmiş, namizədlər vəsaitlər xərcləmişdi. Lakin sonradan məlum qərarın verilməsi heç bir çərçivəyə sığmır. Bu, seçki prosesinə səthi yanaşmanın göstəricisidir".

Vaqif Abışov təmsil olunduğu siyasi təşkilatın heç bir problemlə üzləşmədiyini deyib və bildirib ki, dövlətçilik maraqlarının təminatı üçün hər bir partiyanın seçkilərə qatılması vacibdir: "Azərbaycan kimi inkişaf edən bir dövlətdə sabitlik hökm sürür və demokratik seçki mühiti var. Ölkəmizdə yürüdülən uğurlu siyasətin davam etdirmək üçün siyasi partiyalar da gücləri çatan dəstəklərini verməlidirlər. Hansısa qərarı vermək olar, amma bu qərarın dövlətçilik maraqlarına zidd olması yolverilməzdir. Düşünürəm ki, seçkilərdən sonra bu prosesə qoşulmayan Müsavat və digər partiyalar sonradan hansı yanlışa yol verdiklərinin fərqinə varacaqlar. İnanıram ki, bu seçkilər istər qanunvericiliyin, istərsə də Seçki Məcəlləsinin təkmilləşdirilməsi baxımından da mühüm yeniliklər gətirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə