7 oktyabr tarixində Uruqvayın "La Diaria" qəzetində erməni icmasının üzvü, jurnalist Stephanie Demirdjianın Ermənistan-Azərbaycan münaqişəsi və ölkəmizlə bağlı qərəzli və təhrif edilmiş məlumatlara əsaslan məqaləsi dərc olunub. Buna cavab olaraq, Azərbaycanın Uruqvaydakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Ruslan Rzayevin həmin qəzetin redaksiyasına ünvanladığı məktub qəzetin 27 oktyabr buraxılışında dərc olunub. Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasındakı Diplomatik Missiyasından SİA-ya verilən məlumata görə, məktubunda azərbaycanlı diplomat bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınır. "Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ və yeddi rayon da daxil olmaqla Azərbaycanın 20% ərazisini işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib, bir milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirib, mülki azərbaycanlı əhaliyə qarşı qətliamlar, Xocalı soyqırımını törədib", - deyə yazıda qeyd olunur.
İşğal edilmiş ərazilərdə bir nəfər belə azərbaycanlının qalmadığını və həmin ərazilərdə Azərbaycana məxsus tarixi-mədəni irsin dağıdıldığını bildirən diplomat BMT də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların öz qətnamə və sənədləri ilə Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqlarını, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtarılmasını tələb etdiyini vurğulayır.
Ermənistanın beynəlxalq ictimaiyyətin bu mövqeyini inkar edərək münaqişədə status kvonu saxlamağa çalışdığını yazan diplomat münaqişənin həllində əsas maneənin Ermənistanın qeyri-konstruktiv mövqeyi olduğunu bildirir. "Hərbi-kriminal diktatura rejiminə malik olan Ermənistan beynəlxalq hüquq və fundamental demokratik prinsiplərə hörmətsiz yanaşır. Hazırkı rejimin rəhbərləri əvvəllər Dağlıq Qarabağ separatçılarına başçılıq etmiş, mülki azərbaycanlılara qarşı Xocalı soyqırımı da daxil olmaqla qətliamlar törətmiş, sonradan isə Ermənistanda öz dinc vətəndaşlarına qarşı qətllər və terror həyata keçirərək hakimiyyəti qəsb etmiş şəxslərdir", - deyə Ruslan Rzayev qeyd edir. Diplomat yazısında əlavə edir ki, Ermənistandakı rejim münaqişənin həllində maraqlı deyil, münaqişə ilə bağlı status kvonun saxlanılması çətin iqtisadi vəziyyətə və yoxsulluğa görə hər il ölkəni tərk edərək getdikcə azalan ölkə əhalisinin geniş etirazlarının qarşısını almaq üçün bu rejimin əlində vasitədir və konstitusiya islahatları irəli sürməkdə Ermənistandakı rejimin məqsədi hakimiyyəti əbədiləşdirməkdir.
Bu siyasətlə Ermənistanın dünyanın ən geridə qalmış ölkələrindən birinə çevrildiyini, Ermənistanın ciddi problemlərinin həllinin yalnız Azərbaycanla əməkdaşlıqdan asılı olduğunu vurğulayan diplomat Cənubi Qafqaz iqtisadiyyatının 80%-nin Azərbaycana məxsus olduğunu və ölkəmizin regional inkişafın aparıcı qüvvəsi olduğunu bildirir. "Ermənistanın Azərbaycana qarşı təcavüzü regional sülh və təhlükəsizlik üçün əsas təhdiddir. Ermənistan Azərbaycanla sülh əldə etmək üçün tələsməli və ilk addım kimi işğal etdiyi ərazilərdən öz qoşunlarını çıxarmalıdır", deyə diplomat yazısını tamamlayır.
Yazı ilə qəzetin internet səhifəsindən tanış olmaq mümkündür.
http://ladiaria.com.uy/articulo/2015/10/respuesta-de-la-embajada-de-la-republica-de-azerbaiyan/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB