"Rusiyanın bu addımı vəziyyəti gərginləşdirir" Açıqlama

"Rusiyanın bu addımı vəziyyəti gərginləşdirir" Açıqlama

"Rusiyanın bu addımları Ermənistanı müəyyən dərəcədə ruhlandırır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, Rusiyanın Ermənistan hərbi bazasına yeni hərbi texnikalar verməsinə münasibət bildirib.

Ü.Cəfərovun sözlərinə görə, bu cür addımlar regiondakı vəziyyətin müəyyən dərəcədə gərginləşməsinə səbəb olur: "Rusiya bir çox dəfə Ermənistanı silahlandırıb və bu ölkənin hərbi potensialının artırılması üçün bəzi addımlar atıb. Biz bununla dəfələrlə qarşılaşmışıq. Rusiyanın ikinci bazadan çıxartdığı texnikanı Ermənistana verməsi onun bu ölkəyə olan hərbi dəstəyinin göstəricisidir. Bütün bunların hamısı regionda müəyyən gərginlik yaradır".

Ekspert bildirib ki, son zamanlar Rusiya ən çox Cənubi Qafqazdakı vəziyyətə diqqət yetirir və bu, onun üçün əsas mövzulardan birinə çevrilib: "Bu, Azərbaycan üçün müəyyən çətinliklər yaradır. Çünki Azərbaycan torpaqlarının bir hissəsi Ermənistanın işğalı altındadır".

Üzeyir Cəfərov qeyd edib ki, son vaxtlar Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müəyyən işlər görməyə çalışır: "Ermənistan düşünür ki, onlar bu təşkilat vasitəsilə Rusiya silahlarından istifadə edə bilərlər. Təbii ki, Rusiyanın atdığı bu addımlar Ermənistanı bir qədər ruhlandırır lakin bu çox çəkməyəcək. Dünya dövlətləri bütün bu proseslərə qarşı öz münasibətlərini bildiriblər. İstənilən dövlət çalışır ki, regionda sülh və əmin-amanlıq olsun lakin təəssüf ki, Rusiyanın atdığı addımlar bunu deməyə əsas vermir".

Bütün xəbərlər Facebook səhifəmizdə