Ağalar Vəliyevin seçiciləri ilə görüşləri Tətrərdə davam edir

"Dövlətimizin güclənməsi istiqamətindəki hər bir ictimai-siyasi hadisədə mütəşəkkil qaydada iştirak etməli, seçkilərdə fəal olmalıyıq"

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil oğlunun seçki-təşviqat kampaniyası çərçivəsində Tərtər rayonunun Bəyimsarov, Sarov və Borsunlu kəndləri ərazisində seçicilərlə mitinq-görüş keçirilib.

Görüşü YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq Milli Məclis deputatlığına namizəd Ağalar Vəliyevin tərcümeyi-halı və fəaliyyəti haqqında məlumatı oxumaq üçün sözü deptutatlığa namizədin vəkilləri Rəxşəndə Abdullayevaya və Nigar Əliyevaya verib. Vəkillər Ağalar Vəliyevin ölkədə və ölkədən xaricdə tanınan insanlardan olduğunu vurğulayaraq, namizədin regionda görülən tikinti-quruculuq və abadlıq işlərində yaxından iştirak etdiyini diqqətə çatdırıblar. Onlar hər bir seçicini 1 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə dəvət ediblər.

Görüşdə seçicilərdən Bəyomsarov kəndinin ağsaqqalı Bəhmən Bayramov çıxış edərək bildirib ki, Ağalar Vəliyev Yevlax dəmir-beton zavodundan direktor işləyərkən Şəfəq kəndinin xeyli sakinini işlə təmin edib: "Onun namizədliyinin bizim dairədən irəli sürülməsi daha çox həmin insanlar üçün sevindirici oldu. Kəndimiz dövlətimizin rəhbəri Cənab Prezident İlham Əliyevi həmişə dəstəkləyir, bu gün də onun Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevə yekdilliklə səs verərək onu müdafiə edəcəyik".

Digər seçicilər - Mehriban Hüseynova, Sarov kəndinin sakini Telman Paşayev, Bildirçinli kəndinin sakini İnqilab Hətəmov, Borsunlu kəndinin sakini Qədir Hüseynov deputatlığa namizəd Ağalar Vəliyevi bir layiqli vətəndaş kimi tanıdıqlarını qeyd edərək, seçki günü birmənalı olaraq onu dəstəkləyəcəklərini bildiriblər.

Sonra Ağalar Vəliyev çıxış edərək 4-cü çağırış Qaradağ rayonunda namizədliyi dövründə gördüyü işlər barədə seçicilərə geniş məlumat verib və qeyd edib ki, orda aparılan işlər seçildiyi təqdirdə 97 saylı Goranboy-Ağdam-Tərtər dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə də davam etdiriləcək: "Aparılan hər bir işdə, ilk növbədə məsuliyyət hissi olmalıdır. Dəyərli seçicilər etimad göstərərlərsə, mən bu etimadı doğrultmaq yolunda çalışacam, fəaliyyət göstərəcəm. Çünki Azərbaycanın inkişafında, xalqımızın daha rifahlı və xoşbəxt yaşaması üçün vədlərimizə əməl etmək bizim ümdə borcumuzdur. Eyni zamanda əldə edilən, bundan sonra da ediləcək hər bir uğur, hər bir nailiyyət bilavasitə dövlətimizin, Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin bariz nəticəsidir. Biz bu siyasəti dəstəkləməklə, Onun ətrafında sıx birləşməliyik. Ona görə də gərək dövlətimizin güclənməsi istiqamətindəki hər bir ictimai-siyasi hadisədə mütəşəkkil qaydada iştirak etməli, seçkilərdə fəal olmalıyıq".

Ağalar Vəliyev kənd sakinlərini maraqlandıran sualları cavablandırıb və seçki platforması haqqında daha geniş informasiyalar verib.

Görüş seçicilərin deputatlığa namizədlə səmimi diskussiyaları ilə başa çatıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə