Rövzət Qasımov: "5 milyon 344 min 431 seçki bülleteni çap olunub” VİDEO

Rövzət Qasımov: "5 milyon 344 min 431 seçki bülleteni çap olunub” VİDEO

"Bir neçə gün bundan öncə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun iştirakı ilə Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çap olunması prosesinə başlanıldı. Hazırda Respublika üzrə 125 seçki dairələrində səsvermə günü istifadə olunmaq məqsədilə 5 milyon 344 min 431 seçki bülleteni çap olunaraq hazırlanıb". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin rəhbəri Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, bu gündən etibarən MSK həmin bülletenləri dairə seçki komissiyalarına (DSK) təqdim etməyə başlayıb: "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən səsvermə gününə 35 gün qalmış MSK tərəfindən seçki bülletenlərinin mətni, sayı və hazırlanma qaydası təsdiq olunur. Bundan sonra isə 10 gün qalmış seçki bülletenləri hazır olur və çap prosesi başa çatır. Beləcə səsvermə gününə 5 gün qalmışadək bu seçki bülletenləri dairə seçki komissiyalarına təqdim olunur. DSK da öz növbəsində səsvermə gününə 3 gün qalmışadək həmin seçki bülletenlərini məntəqə seçki komissiyalarına təqdim edir. Bu prosesə artıq bugündən start verilir. Ümid edirik ki, bu proses tezliklə başa çatacaq. İlk olaraq, bülletenlər Naxçıvan Muxtar Respublikasında yerləşən seçki dairələrinə paylanılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə