Hikmət Babaoğlu Nərimanov rayonunun rus icmasının nümayəndələri ilə görüşüb FOTOLAR

Hikmət Babaoğlu Nərimanov rayonunun rus icmasının nümayəndələri ilə görüşüb FOTOLAR

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu gün Nərimanov rayonunun rus icmasının nümayəndələri ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, tədbiri açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın bu seçkilərdə qələbə qazanacağına əmin olduğunu bildirib.

T.Tağıyev vurğulayıb ki, partiyamız parlament seçkilərinə böyük inamla gedir. O, 19 saylı Nərimanov birinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu olduğunu bildirib. Nərimanov rayonunda yaşayan rus icmasının nümayəndələri ilə görüşün əhəmiyyətli olduğunu deyən T.Tağıyev Azərbaycanda bütün xalqların nümayəndələrinin rahat şəkildə yaşadığını bildirib. O, YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti haqqında geniş məlumat verib.

Azərbaycanda rus icmasının Nərimanov rayon nümayəndəliyinin rəhbəri Lidiya Hacıyeva çıxış edərək parlament seçkilərinin ölkə üçün önəmli olduğunu bildirib. Azərbaycanda bütün xalqların bərabərhüquqlu, mehriban şəraitdə yaşadığını deyən L.Hacıyeva burada yaşayan ruslara da dövlət səviyyəsində yüksək diqqət göstərildiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev daim ölkədə yaşayan ruslara böyük qayğı ilə yanaşır: "Biz Prezidentimizin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirik. Və parlament sekilərində cənab İlham Əliyevin rəhbərliyk etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəyik". L.Hacıyeva görüş iştirakçılarını 1 noyabrda seçki məntəqələrinə gəlməyə və YAP-ın namizədi Hikmət Babaoğluna səs verməyə çağırıb.

YAP-ın 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək bildirib ki, bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından dünyada nümunəvi bir ölkədir. Onun sözlərinə görə, Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir: "Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət, həmçinin, rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib". Deputatlığa namizəd qeyd edib ki, son illərdə Azərbaycan qlobal iqtisadi əhəmiyyət daşıyan, eyni zamanda, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkana çevrilib. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir.

Deputatlığa namizəd bildirib ki, ölkəmizdə belə bir cəmiyyət məhz Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb: "Ulu öndər Heydər Əliyevi və Onun fəaliyyətini təkcə Azərbaycanda deyil, keçmiş SSRİ miqyasında da yüksək dəyərləndirirlər. Çünki Ulu öndər Heydər Əliyev vaxtilə SSRİ kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunub. Onu da qeyd edim ki, Ümummilli lider Heydər Əliyev hər zaman ölkəmizdə olan tolerantlığı xüsusi olaraq vurğulayırdı. Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Hikmət Babaoğlu Azərbaycanla Rusiya arasında da dostluq münasibətlərindən danışıb və onların strateji tərəfdaş dövlətlər olduğunu diqqətə çatdırıb.

Milli Məclisin hakimiyyətin mühüm qollarından biri olduğunu deyən deputatlığa namizəd parlamentdə təmsil olunmağın məsuliyyətli olduğunu vurğulayıb: "Əgər siz mənə etmad göstərsəniz, parlamentdə sizin layiqli tçmsilçiniz olmağa söz verirəm. Hər birinizi 1 noyabr parlament seçkilərində fəal iştirak etməyə çağırıram".

Sonda deputalığa namizəd Hikmət Babaoğlu görüş iştirakçılarının arzu və istəklərini, təkliflərini dinləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə