Brüsseldə TEAS II Brüssel Biznes Forumu keçirilib FOTOLAR

Brüsseldə TEAS II Brüssel Biznes Forumu keçirilib FOTOLAR

Oktyabrın 14-də Avropanın 100-dən artıq iş adamı və diplomat TEAS II Brüssel Biznes Forumunda iştirak etmək üçün "Diamant" Konfrans və Biznes Mərkəzinə toplaşıb. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) SİA-ya verilən xəbərə görə, forumda Azərbaycanda mövcud sərmayə imkanları diqqət mərkəzində olub. "Azərbaycan beynəlxalq investorların gözü ilə" adı altında keçirilən bu tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisi tərəfindən təşkil edilib.

TEAS Benilüks ofisinin direktoru, Belçikanın sabiq iqtisadiyyat, inkişaf üzrə əməkdaşlıq və ədliyyə naziri Mark Vervilghen tədbirin açıış mərasimində bildirib ki, Azərbaycan nəhəng sərmayə potensialına, inkişaf etmiş infrastruktura malik olan ölkədir. Avropanın yeni hədəfləri var. Bu, "İpək Yolu" layihəsinə yeni nəfəsin verilməsidir. Azərbaycan yenidən onun episentri olacaq. Azərbaycanın, Belçikanın, bütün Benilüks ölkələrinin və Avropa İttifaqının məqsədi eynidir. Natiqin təbirincə desək, əgər, Azərbaycan sizin fikrinizdədirsə, ürəyinizdə alov, qəlbinizdə həvəs və bədəninizdə dinamiklik olacaq.

Belçikanın dövlət naziri və uzun müddət Belçika Parlamentinin üzvü olmuş Herman De Kroo forum iştirakçıları ilə öz təəssüratlarını bölüşüb: "Mən Azərbaycana iki dəfə səfər etmişəm - 2011-ci ildə və bu il. Bu iki səfər arasında Azərbaycanda çox böyük dəyişikliklərin baş verməsinin canlı şahidi oldum. İlk Avropa Oyunlarının Azərbaycanda uğurla keçirilməsi Azərbaycan hökumətinin Avropaya bağlanmaq həvəsinin göstəricisidir".

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov qeyd edib ki, Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin 50 faizindən çoxu Avropa İttifaqı ölkələrinin payına düşür. Səfir biznesin inkişafı baxımından bu cür forumların davamlı şəkildə keçirilməsinin əhəmiyyətindən danışıb. O, vurğulayıb ki, hər tədbirdən tədbirə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar üzə çıxır, birgə layihələrin həyata keçirilməsi üçün razılıq əldə olunur və nəticə etibarilə gələcək əməkdaşlığın miqyasının artırılması baxımından yeni konsepsiyaların əsasları qoyulur.

Tədbirdə əsas diqqət dünyada öz zəngin neft-qaz ehtiyatlarına görə şöhrət qazanmış Azərbaycan haqqında qərəzli fikirlərin dəyişdirilməsinə yönəlmişdi. "Dentons Baku" şirkətinin nümayəndəsi Ceyms Hoqan təmsil etdiyi qurumun Azərbaycanda 25 il ərzində fəaliyyət göstərməsi haqqında

bəhs edərək bildirib ki, Azərbaycanın xarici investisiyalara dair siyasəti çox şəffafdır və ölkədə sabit investisiya rejim hökm sürür. Hoqanın sözlərinə görə,hazırda Azərbaycanda iqtisadiyyatın şahələndirilməsinə və diversifikasiyasına təkan vermək məqsədilə ilə Xüsusi İqtisadi Zonalar fəaliyyət göstərir.

Dünya Bankının infrastruktur üzrə baş mütəxəssisi Hacı Hüseynov Azərbaycanda Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələr haqqında söhbət açıb. H.Hüseynov regionun iqtisadi inkişafına yeni impuls verəcək Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunun bu ilin sonuna qədər fəaliyyətə başlayacağı haqda məlumat verib. Onun sözlərinə görə, lazımi infrastruktur artıq qurulub və ilk qatar bu ilin avqust ayında ünvana çatdırılıb.

"Enthoven Assoşieyts" şirkətinin prezidenti Aksel Enthoven sabit inkişafa nail olmaq üçün daim fəaliyyətdə olmağın zəruriliyinə toxunub. Qeyd edək ki, Aksel Enthoven son 40 ildə Belçikanın ən məşhur dizaynerlərindən biri olub. Məşhur "TVG" ekspress vaqonlarının dizaynı onun əməyinin məhsuludur.

Daha sonra A.Enthoven şəhər və kənd infrastrukturunun inşası üçün mövcud olan imkanlara diqqəti çəkib və seçilən konsepsiyanın əhalinin öz ölkəsinə qarşı münasibətinə və həyat keyfiyyətinə necə təsir edə biləcəyi barədə danışıb. Onun sözlərinə görə, kənd təsərrüfatı Azərbaycanda üstünlük təşkil edən sahələrdən biridir, işçi qüvvəsinin 40 faizi burada məşğuldur. Doqquz iqlim zonasına malik olan və münbit torpaq şəraiti bəxş olunmuş bu ölkədə azərbaycanlı fermerlər müxtəlif meyvə-tərəvəzlər yetişdirir. Natiq bu sahəyə yatırılan sərmayələrin miqdarının artırılmasının vacibliyini vurğulayıb.

İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi çıxışında qeyd edib ki, kənd təsərrüfatı Azərbaycanda çox vacib sektora çevrilib. O, diversifikasiya prosesində əsas rol oynayır və Avropa şirkətləri üçün çox vacib sahə olmaq potensialına malikdir.

Gözlənildiyi kimi, "Natural Gas Europe" nəşrinin direktoru, jurnalist Rik Gillin enerjiyə dair sədrlik etdiyi sessiya böyük maraq doğurub.

Enerji Xartiyası Katibliyinin baş katibi Dr.Urban Rusnak deyib: "1990-cı illərdə Azərbaycan neft məhsullarının idxalçısı idi, lakin 10 il ərzində ixracatçıya çevrildi. Daha 10 ildən sonra aparıcı neft-qaz istehsalçısı və ixracatçılarından biri oldu. Bu ölkə Avropa İttifaqının gələcəyində vacib rol oynayacaq".

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov 45 milyard dollarlıq "Cənub Enerji Dəhlizi"nin hazırkı statusu haqqında danışıb. Bu dəhliz qazı Xəzər dənizindən, nəticə etibarilə Orta Asiya və İrandan birbaşa İtaliyada yerləşən birləşdiriciyə çatdıracaq.

Hazırda Azərbaycan regionun informasiya və kommunikasiya texnologiyalarının (İKT) qovşağına çevrilməyə çalışır. Son 3 il ərzində bu sektora 3 milyard ABŞ dolları məbləğində sərmayə yatırılıb. Bu, həmçinin BMT mandatı altında fəaliyyət göstərən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üçün başlıca məsələdir. Bu layihə vasitəsilə Frankfurtla Honkonq arasında inkişaf etmiş şəbəkə xidmətləri həyata keçiriləcək. Bununla da Qərbi və Şərqi Avropa ilə Orta Asiya arasında rəqəmsal uçurum azalacaq.

TASİM-in direktoru Zaur Həsənov tədbirdəki çıxışında bu haqda danışıb: "TASİM mürəkkəb və strateji layihədir. Bu layihə Azərbaycandan keçərək 3000 km məsafəyə uzanır və Qərblə Şərqi birləşdirir. Bu layihənin böyük iqtisadi və geosiyasi əhəmiyyəti var".

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin (ASAN Xidmət) direktoru Kamran Agası qeyd edib ki, Azərbaycan hazırda vahid ictimai xidmətlərin göstərilməsində aparıcı yer tutur. ASAN Xidmət cəmi üç il öncə fəaliyyətə başlayıb. Bu sistem elektron hökumət xidmətlərindən istifadə edərək 10 dövlət orqanından 280 xidmət növünə çıxışı təmin edir. Bu xidmətlər ASAN mərkəzləri şəbəkəsi və kənd yerlərində olanlar üçün mobil ASAN xidməti vasitəsilə təmin edilir.

Kamran Agası çıxışında deyib: "Biz Azərbaycanda yaşayan 9,5 milyon insandan 6 milyonuna xidmət göstərmişik və 98 faiz müsbət rəy almışıq".

TEAS II Brüssel Biznes Forumu tədbir iştirakçıları arasında canlı görüşlər silsiləsi ilə yekunlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə