Məhərrəm ayının fətvası verilib YENİLƏNİB-FOTOLAR

Məhərrəm ayının fətvası verilib YENİLƏNİB-FOTOLAR

Bu gün 13 oktyabr 2015-ci il tarixində Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, İdarənin yerlərdəki səlahiyyətli nümayəndələri, Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Bakı İslam Universitetinin müəllim-tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilk öncə İdarənin ağsaqqalı, sədr müavini, Heydər məscidinin sədri Hacı Sabir Həsənlini anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik etdi, ona Allahdan can sağlığı arzu etdi. Şeyxülislam Sabir Həsənlinin İdarənin fəaliyyət tarixində yeri, xarici əlaqələrinin qurulmasında rolu barədə danışıb.

Daha sonra Şeyxülislam Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı yeni 1437-ci hicri ilinin təqvimini təqdim edib. QMİ sədri bildirib ki, bu təqvim elmlə dinin vəhdətdə insanlarımıza xidmətinin nümunəsi olmaqla yanaşı, milli vəhdətimizə xidmət edən olduqca vacib məsələdir: "Ölkəmizin ərazisində elmi şəkildə əsaslandırılmış, yerləşdiyimiz coğrafi məkana uyğun şəkildə, hər bir bölgəmizi nəzərə almaqla azan, namaz, dini bayramların vaxtlarının müəyyən edilərək dindarlara çatdırılması dini mərkəz kimi bizin üçün olduqca əhəmiyyətli məsələdir. Lakin bu məsələ həm də ümummilli əhəmiyyət kəsb edir. Belə ki, ölkə ərazisində azanın eyni vaxtda verilməsi milli-mənəvi birliyimizi, daxili vəhdətimizi təmin etmək baxımından zəruridir".

QMİ sədri xitab edib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasımn üzvləri və Səlahiyətli nümayəndələri Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və onun yerlərdəki nümayəndələri ilə əməkdaşlıqda ölkəmizin ərazisində Azanın verilməsi ilə bağlı QMİ-nin Şamaxı Rəsədxanası ilə birgə hazırladığı təqvimə riayət olunmasına birgə nəzarət həyata keçirsinlər və bu təqvimə əməl etməyənlər cəzalandırılsın.

Şeyxülislam bildirib ki, hər il olduğu kimi, bu il də QMİ Qazılar Şurası yeni hicri ilinin başlanması münasibətilə - Məhərrəm ayı ilə bağlı Fətva qəbul edib. Həmin fətvada Aşura mərasiminin keçirilməsi ilə bağlı tövsiyələrimiz yer alıb. QMİ sədri son illər böyük rəğbət və ehtiramla qarşılanan Qanvermə aksiyaları ilə bağlı danışaraq qeydedib ki, bu il də məscid və ibadətgahlarda Aşura zamanı Səhiyyə Nazirliyi ilə birgə qana ehtiyac duyan xəstələrin ehtiyacları üçün qanvermə aksiyalarının təşkil olunacaq.

Daha sonra Fətva oxundu və səsə qoyularaq qəbul edildi.

QMİ sədri məscidlərdə oxunan moizə və xütbələr haqqında danışaraq bildirib ki, bununla bağlı dəfələrlə tövsiyələrimizi səsləndirmişik, vəsait çap edərək din xadimlərinin diqqətinə çatdırmışıq: "Moizələr dindarların dini maariflənməsi işinə xidmət etməklə yanaşı, "Vətəni sevmək imandandır" hədisinə uyğun olaraq Vətən təəssübünü, Vətən sevgisini təlqin etməlidir. Din xadimlərinin moizə və xütbələrində vətənpərvərlik hisslərinin aşılanması vacibdir və milli, habelə məzhəb ayrıseçkiliyinin təbliği qəti yolverilməzdir. Bu məsələyə nəzarət daha da gücləndiriləcək və xətaya yol verənlər müvafiq şəkildə cəzalandırılacaqlar".

O, həmçinin bildirib ki, din xadimlərinin təkmilləşdirmə kursları, inşallah Məhərrəmlikdən sonra öz fəaliyyətini davam etdirəcəkdir: "QMİ-nin din xadimlərinin fəaliyyətində dini-etik məqamların gözlənilməməsi aşkarlanarsa, bununla bağlı komissiyanın rəyi olacaqdır. Bu rəy işəgötürmə məsələsində də vacib şərt kimi nəzərdən keçiriləcəkdir".

Komissiyanın Əsasnaməsi və komissiyanın tərkibi səsə qoyularaq qəbul olundu.

QMİ sədri ölkəmizin həyatında qarşıdan gələn vacib ictimai-siyasi hadisə olan Parlament seçkilərinə də toxunaraq qeyd edib ki, Azərbaycan dindarları öz vətəndaşlıq borclarını yerinə yetirərək, Milli Məclisə seçkilərdə fəal iştirak etməli, bəyəndikləri namizədə səs verməlidirlər. Yalnız daxili vəhdətimizi qorumaqla, milli-mənəvi birliyimizi daha da möhkəmləndirməklə, Vətənimizin maraq və mənafelərinə sadiq olmaqla biz dünyada baş verən faciələrdən,bəlalardan qoruna bilərik.

Cıxışının sonunda Şeyxülislam A. Paşazadə Turkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində baş vermiş terror zamanı şəhid olanların xatirəsini anıb, Həcc ziyarətində dünyasnı dəyişmiş hacılarımıza da Allahdan rəhmət diləyib. Həmçinin mərhumların xatirəsinə Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.

Tədbirdə yeni din xadimlərinin təyinat məsələsinə də baxılıb.

Toplantıda Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlı çıxış edərək ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların hər sahəyə olduğu kimi din sahəsinə də müsbət təsir etdiyini bildirib. M. Qurbanlı qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir: "Bu gün Azərbaycan vətəndaşı "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir, ölkədə konfessiyalar arasında hər hansı qarşıdurma müşahidə olunmur. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir".

Sonda tədbir iştirakçılarma yeni 1437-ci hicri ilinin təqvimi paylanıb, ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMi) Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar verdiyi fətvada qeyd olunub ki, Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə, Aşura günü isə oktyabrın 24-nə təsadüf edir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə