Qaradağlılar YAP-ın namizədinə səs verəcəklər - ®

Qaradağlılar YAP-ın namizədinə səs verəcəklər - ®

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları noyabrın 1-də keçiriləcək parlament seçkilərində qələbə əldə etmək üçün uğurlu seçki kampaniyasını davam etdirir. Oktyabrın 9-dan başlayan təşviqat mərhələsində partiyanın şəhər və rayon təşkilatlarının seçki qərargahları operativ və çevik fəaliyyət göstərirlər. Qaradağ rayonunda da partiyamızın namizədlərinin uğurlu təşviqat kampaniyası həyata keçirilir. Təşkilatın Seçki Qərargahı, o cümlədən təbliğat-təşviqat qrupu öz işlərini operativ və yüksək keyfiyyətlə görür. Ümumiyyətlə, rayon təşkilatının Seçki Qərargahı bu günə qədər nəzərdə tutulan bütün seçki hərəkətlərini uğurla yerinə yetirib.

SİA-nın məlumatına görə, bu gün Yeni Azərbaycan Partiyası tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynov Aydın Nəsir oğlunun seçicilərlə görüşü keçirilib. YAP Qaradağ rayon təşkilatının inzibati binasında baş tutan görüşdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov, Seçki Qərargahının üzvləri, rayon ağsaqqalları və gənclər iştirak ediblər.

İlk öncə YAP tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Aydın Hüseynov haqqında seçicilərə məlumat verilib, partiya həyatında gördüyü işlərdən bəhs edilib.

Çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov seçiciləri salamlayaraq ölkəmizin çox mühüm bir ictimai-siyasi hadisəyə-parlament seçkilərinə hazırlaşdığını qeyd edib. K.Kərimov bildirib ki, YAP Qaradağ rayon təşkilatı təbliğat-təşviqat kampaniyasında fəallıq nümayiş etdirir, dairələr üzrə seçicilərlə görüşlərin səmərəli keçirilməsi üçün əlindən gələni əsirgəmir. Çıxışında seçiciləri YAP-ın namizədi olan Aydın Hüseynova səs verməyə çağıran Kərim Kərimov vurğulayıb ki, seçicilər artıq öz seçimlərini ediblər. Onlar Ulu Öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında birləşən partiyamızın namizədinə güvənir, onların parlamentdə səsləri olacağına inanırlar.

Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, YAP tərəfindən parlament seçkilərinə namizədliyi irəli sürülən Aydın Hüseynov qeyd edib ki, Azərbaycanın hər diyarında, hər elində yaşayan vətəndaşlarımızın hər biri onun üçün əzizdir, o cümlədən də Qaradağ rayon ərazisində yaşayanlar: "Mən hər zaman çalışmışam ki, rayonumuzda yaşayan hər bir insana qayğı ilə yanaşım, onların hər hansı bir probleminin həllini səlahiyyətim çərçivəsində həll edim. İnanıram ki, bu diqqət və qayğını hər bir vətəndaş öz əməli işi ilə doğruldacaq. Biz hər zaman ədalətli, şəffaf seçkilərin tərəfdarı olmuşuq. Noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinin də ədalətli prinsiplərə söykənəcəyinə əminik".

Digər çıxış edənlər parlament seçkilərində YAP-ın namizədlərinin təbliğat və təşviqat kampaniyasının müvafiq plan üzrə müvəffəqiyyətlə başa çatdırılması üçün rayon təşkilatının Seçki Qərargahı bütün gücünü səfərbər etdiyini diqqətə çatdıraraq vurğulayıblar ki, bu günə qədər rayon təşkilatında qərargahın üzvləri və imza toplayan partiya fəalları üçün treninqlər, həmçinin təşkilatda iclaslar keçirilib, işin daha səmərəli təşkili üçün mütəmadi məsləhətləşmələr aparılıb. Eyni zamanda, təşviqat kampaniyasında iştirak edən partiya fəalları və gənclər kampaniyanın necə aparılacağı ilə bağlı təlimatlandırılıblar. Görülən işlər isə parlament seçkilərində YAP-ın namizədlərinin növbəti qələbəyə imza atacağını söyləməyə əsas verir.

Sonda seçicilərlə xatirə şəkili çəkdirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə