Namizəd veteranlardan başladı FOTOLAR - VİDEO

Şəmsəddin Hacıyev YAP-ın veteranları ilə görüşüb
Namizəd veteranlardan başladı FOTOLAR - VİDEO

Bu gündən etibarən 29 saylı Səbail Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hacıyev Şəmsəddin Hümmət oğlunun seçki qərargahının müəyyən etdiyi plan üzrə seçiciləri və Səbail sakinləri ilə mütəmadi görüşləri başlayıb. SİA-nın məlumatına görə, ilk görüş bu gün Yeni Azərbaycan Partiyasının veteranları ilə olub.

Tədbirdə təşkilatın aparat rəhbəri Zəfər Bayramov çıxış edərək Şəmsəddin Hacıyevin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, Ş.Hacıyev 1950-ci il noyabr ayının 8-də Ucar rayonunda anadan olub: "1966-cı ildə orta məktəbi bitirmiş və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Şəmsəddin Hacıyev 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilib. 1971-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1974-cü ildə təhsilini başa vurub. 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifələrində çalışmışdır. 1981-ci ildə müsabiqədən keçərək D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilib. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunub. 1993-1996-cı illərdə "Marketinq və xarici iqtisadi əlaqələr", 1996-2000-cı illərdə "Marketinq və beynəlxalq iqtisadi münasibətlər", 2001-ci ildən isə "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasına rəhbərlik edir. 1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını almışdır. 120-dən çox elmi əsərin müəllifidir. Hazırda 7-dən çox aspirant və dissertantın elmi rəhbəri və 3 doktorluq dissertasiya işinin elmi məsləhətçisidir".

Daha sonra Səbail Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hacıyev söz alıb. Diqqətə çatdırıb ki, 2010-cu ilin noyabr ayında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. 10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib: "hesab edirəm ki, bu Azərbaycanın daha da inkişafı üçün yeni dövr olacaq. Mən hər zaman Yeni Azərbaycan Partiyasının uğurlu siyasətini dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəm. Hər kəsi də seçki məntəqələrinə gəlməyə və öz səslərini verməklə bu dövlətə necə sadiq olduqlarını bir daha sübut edəcəklər. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra öz iqtisadi, siyasi inkişafı ilə dünyaya özünü layiqincə təqdim etdi".

Sonda digər natiqlər də çıxış edərək Şəmsəddin Hacıyevə seçkilərdə uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə