1240 nəfərin deputatlığa namizədliyi qeydə alınıb YENİLƏNİB

1240 nəfərin deputatlığa namizədliyi qeydə alınıb YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan edib və komissiya üzvləri tərəfindən Azərbaycan Respublikası MSK-nın 2 oktyabr 2015-ci il tarixli iclası protokolu səsə qoyularaq təsdiq olunub.

MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1240 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: "Qeydə alınan namizədlərin 275-ni 15 siyasi partiya, 19-nu "Azadlıq-2015" seçki bloku, 2-ni təşəbbüs qrupları irəli sürüb. 944 namizəd isə öz təşəbbüsü ilə seçkiyə qatılıb. Ölkə üzrə seçkiləri izləyəcək 1200 müşahidəçi qeydiyyatdan keçib".

Daha sonra MSK katibi Mikayıl Rəhimov tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibində edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib. MSK katibi Arifə Muxtarova tərəfindən isə 2015-ci noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında məlumat verilib.

İclasda Müsavat Partiyasının Məclis üzvü, sabiq deputat İltizam Əkbərlinin şikayətinə baxılıb.79 saylı İmişli Seçki Dairəsindən namizədliyini irəli sürən İ.Əkbərli MSK-ya müraciətində Dairə Seçki Komissiyasının əsassız qərar qəbul etdiyini bildirib. İ.Əkbərli qeyd edib ki, DSK-ya təqdim etdiyi imzalardan 534-ü etibarlı hesab edilsə də, əmlakla bağlı sənədlərdə problem yaradılıb və onun namizədliyi qeydə alınmayıb. MSK-nın İşçi Qrupu məsələni araşdırıb və DSK-nın çıxardığı qərarı əsassız elan edib. İ.Əkbərlinin namizədliyi qeydə alınıb.

Ümumilikdə 7 nəfərin müraciətinə baxılıb. MSK-nın ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Validə Kazımova, Bəxşeyiş Əsgərov və Tofiq Həsənov isə müraciətlərlə bağlı fikirlərini bildiriblər.

MSK-nın sədr müavini Natiq Məmmədov isə diqqətə çatdırıb ki, deputatlığa namizədliyi qeydə alınan şəxslər təşviqatı elə aparmalıdır ki, qanunvericiliyin tələbləri pozulmasın: "Təşviqatla bağlı seçki dairələrinin ərazilərində müvafiq yerlər ayrılıb. Namizədlərin görüş keçirməsi üçün açıq və qapalı yerlər müəyyənləşdirilib. Təşviqat prosesində bəzi sahibkarların mülkiyyətində olan obyektlərdə şəkillərin yapışdırılması mümkün ola bilər. Amma hər hansı binanın, abidənin üzərinə şəkillərin yapışdırılması yolverilməzdir. Kütləvi informasiya vasitələrinin də bu məsələdə rolu xüsusi vurğulanmalıdır. KİV də bu məsələdə qanunvericiliyin tələblərinə əməl etməlidir. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir".

Sonda cari məsələrə baxılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə