"Avropa Azərbaycana qarşı ədalətli deyil" AÇIQLAMA

"Avropa Azərbaycana qarşı ədalətli deyil" AÇIQLAMA

"Bu qərarında Avropa Şurası Azərbaycana qarşı ədalətli deyil". Bu sözləri SİA-ya millət vəkili Sabir Rüstəmxanlı Avropa Şurasının baş katibi Turbörn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-ın iştirakının ləğv olunması ilə bağlı qərara münasibət bildirərkən deyib.

"Avropa Şurasının bundan əvvəl Azərbaycana qarşı qəbul etdiyi qətnamələr göz qabağındadır. BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamələr var. Avropa Şurası heç bu qətnamələrə diqqət yetirmir lakin Azərbaycandan insan haqları tələb edir. Avropa Azərbaycana qarşı ədalətli deyil. Burada ikili standartlar açıq-aşkar özünü büruzə verir"- deyə, S. Rüstəmxanlı qeyd edib.

Millət vəkili bildirib ki, bu qərarın birbaşa olaraq Azərbaycana heç bir ziyanı yoxdur: "Doğrudur, burada erməni diasporunun təsiri var. Ümumi müsəlman-islam dünyasına təzyiqlər var. Beynəlxalq aləmdə çox ciddi və ziddiyyətli proseslər gedir. Bu məqamda dünya ölkələri ilə münasibətlərimiz nə qədər yaxşı olsa, nə qədər çox dostumuz olsa bir o qədər yaxşı olar. Bu mənada qərarın müəyyən ziyanı var. Lakin bu, ictimaiyyətin rəyinə ciddi şəkildə təsir edəcək və nəyinsə dəyişməsinə gətirib çıxaracaq bir qərar deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə