"Azərbaycanın Avrasiya İttifaqına qoşulacağına dair səsləndirilən fikirlərin heç bir əsası yoxdur". Bunu SİA-ya politoloq Fərhad Mehdiyev bir sıra dairələrin ölkəmizin Avrasiya İttifaqına doğru istiqamət almasına dair səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.
Politoloq məsələyə ilk olaraq iqtisadi aspektdən yanaşıb. Onun fikrincə burada əsas amil gömrüklə bağlıdır: "Əgər Azərbaycan Avrasiya İttifaqına qoşulmaq istəsə, o zaman gömrük rejimini onlara uyğunlaşdırmalıdır. Gömrük məsələsində isə hökümətin izlədiyi özünəməxsus strategiya mövcuddur".
Fərhad Mehdiyev daha sonra məsələnin digər tərəfinə-enerji siyasətinə də toxunub. Xüsusilə Rusiyanın enerji siyasətinə diqqət çəkən siyasi şərhçi qeyd edib ki, əgər Azərbaycan bu addıma getsə, o zaman öz enerji siyasətini Rusiyanın enerji siyasəti ilə uzlaşdırmalı olacaq: "Avrasiya İttifaqına üzv olsaq, onda enerji siyasətimizi Rusiyanın enerji siyasəti ilə uzlaşdırmaq məcburiyyətində qalacağıq. Biz enerji məsələlərində Avropa bazarında Rusiya ilə rəqib olduğumuza görə Azərbaycan hökuməti buna getməyəcək".
Politoloq son olaraq onu da vurğulayıb ki, beynəlxalq çərçivədə fəaliyyət göstərən bir sıra nüfuzlu qurumlar var ki, onlar Azərbaycanla əməkdaşlığa maraq göstərirlər: "Lakin dövlətimiz müstəqil siyasət yürütməklə yanaşı, bu və ya digər məsələlərdə gözləmə mövqeyində dayanmağı daha uyğun hesab edir. Bu baxımdan da düşünürəm ki, kimin nə söyləməyindən asılı olmayaraq, yekun qərar ölkə rəhbərliyinindir. Əgər söylənilirsə də Azərbaycan hazırda Avrasiya İttifaqına meyillənir, bunda yanılırlar. Azərbaycana bir çox qurumlar meyl göstərsə də, indiyə kimi ölkəmizin üzv olduğu yeganə qurum Avropa Şurasıdır. Bu isə özlüyündə bütün iddiaların üzərindən xətt çəkmiş olur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB