Azərbaycan Respublikası Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev və digər qonaqlar iştirak ediblər.
İlk öncə sədr və katibin seçilməsindən sonra hesabatla çıxış edən Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb və hesabat ətrafında çıxışlar olub.
Çıxış edən ağsaqqallar rayon şurasının fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildiriblər. Qeyd olunub ki, bu məqsədlə gənclər və yeniyetmələrdə vətənə məhəbbət hissinin aşılanması üçün vaxtaşırı ümumtəhsil məktəbləri, kolleclərdə və digər yerlərdə görüşlər keçirilir, ağsaqqalların örnək ola biləcək həyat yolu haqqında söhbətlər aparılır.
Sonra yeni idarə heyətinin tərkibi və sədr seçkisi keçirilib. Mayıl Əliyev yenidən Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin sədri seçilib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə rəhbərliyinə qayıdışı ilə ölkəmizin dünyada nüfuzunun artırdığını bildirib.
Hazırda Ümummilli Lider Heydər Əliyevin xarici və daxili siyasətinin layiqincə davam etdirildiyi qeyd olunub. Bildirilib ki, Ulu Öndərin açdığı yol bu gün gənclərin həyat amalına çevrilib. Fəttah Heydərov Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutduğunu və onların ətrafında sıx birləşdiyini bildirib.
Vurğulayıb ki, bu gün ağsaqqallar milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda gənc nəslin mənəvi və fiziki sağlamlığına diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərirlər. Müxtəlif layihələr reallaşdırır, görüşlər keçirirlər.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək ağsaqqal insitutunun min illərin sınağından uğurla çıxdığını və xalqın ən çətin anlarında uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara ən doğru yolu göstəriblər: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artıb. Məhz Dahi Liderin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təmin edilib. Ümummilli Liderimizin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə ağsaqqalların cəmiyyətimizin gündəlik həyatında, onların ictimai-siyasi proseslərdə, həmçinin, gənc nəslin vətənpərvər yetişməsində rolunu daha da genişləndirib".
Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Nizami rayonunda ağsaqallarla gənclər arasında möhkəm bağlılıq mövcuddur. Mütəmadi olaraq, Nizami rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Nizami rayon Ağsaqqallar Şurasının və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilib: "Onlardan bəzilərini xatırlatmaq istəyirəm. Məsələn, ulu öndər Heydər Əliyevin anadan olması münasibətilə ağsaqqallar arasında stolüstü oyunlar üzrə yarışlar, gənclərlə ağsaqqalların dialoqunu nəzərdə tutan "nəsillərin görüşü" kimi tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, rayonumuzun ictimai-siyasi və sosial həyatında da ağsaqqalların böyük rolu var".
Çıxışlardan sonra qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Bununla da konfrans işini yekunlaşdırıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB